“Medinskinin müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi, ilk növbədə təmsil olunduğu Rusiya dövlətinin rəsmi mövqeyi ilə ziddiyət təşkil edir. İkincisi, bu çıxış beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Qarabağ BMT tərəfindən Azərbaycan ərazisi kimi təsbit olunmuşdur. Məlum 4 qətnamə Ermənistanın işğal faktının sübutudur. Üçüncüsü, Qarabağ məsələsinin Ukraynada baş verənlərlə eyniləşdirilməsi absurddur. Bunun adı işğalçı ilə işğala məruz qalanın eyniləşdirilməsidir. Heç bir normal dövlət, beynəlxalq təşkilat bunu qəbul etməz”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat bildirib ki, bütün bunlarla yanaşı, Medinskinin fikirlərində düşünmək üçün ciddi əsaslar var. Nəsib Məhəməliyev təəssüflə qeyd edib ki, Medinski tək deyil.
“Son zamanlar Rusiyaya məxsus televiziya kanallarında və informasiya məkanında bəzi deputatların, siyasətçilərin, politoloqların dilindən SSRİ-nin bərpası, hətta keçmiş respublikaların dövlətçiliklərinin ləğv edilməsi barədə təhlükəli çağırışlar səsləndirilir. Ukraynadan sonra növbənin digər respublikalara çatacağı bildirilir. Belə çağırışlar dünyaya meydan oxumaqdır. Acınacaqlı haldır ki, şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər. Medinski, tək deyil. O, bəzi imperialist dairələrin arzusunu və strateji düşüncəsini ifadə etmişdir. Milyonlarla insanın həyatı ilə oynamaq, ən dəhşətli facilərə səbəb ola bilər. Məqsəd, keçmiş sovet respublikalarını yenidən öz çətiri altına yığmaq, yenidən imperiya qurmaqdır. Hesab edirəm ki, bu da sadəcə xülyadır. Heç bir respublika, hətta Rusiyaya "ən yaxın" Belarus da öz müstəqilliyindən imtina etməz”-deyə Nəsib Məhəməliyev qeyd edib.