"Cənubi Qafqazda postmünaqişə mərhələsinin ən mühüm xüsusiyyətlərindən biri proseslərin sürətlə praktik müstəviyə keçməsidir. Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri və bu səfərin birbaşa hava marşrutu ilə həyata keçirilməsi də məhz bu mühüm prosesin tərkib hissəsidir".
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycan–Ermənistan münasibətlərində formalaşmaqda olan yeni siyasi reallığın göstəricisi kimi qiymətləndirilməlidir:
"Məlumdur ki, Şahin Mustafayev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasına rəhbərlik edir. Ermənistan tərəfdən isə bu prosesi baş nazirin müavini Mher Qriqoryan həyata keçirir. Adıçəkilən şəxslərin rəhbərlik etdiyi komissiyaların fəaliyyəti sülh gündəliyinin real və nəticəyönümlü istiqamətlərindən biri kimi vacib elementlərdən biridir. Çünki delimitasiya prosesi yalnız xəritə üzərində xətlər çəkmək deyil, eyni zamanda münaqişənin gələcək təhlükəsizlik arxitekturasının qurulması və qarşılıqlı münasibətlərin normallaşdırılması üçün fundamental zəmin yaradır. Şahin Mustafayevin səfəri təsdiqləyir ki, tərəflər bir çox istiqamətlərdə konkret mexanizmlərin işlənib hazırlanmasına prosesinə keçid ediblər".
Deputat onu da qeyd edib ki, səfərin diqqətçəkən digər mühüm tərəfi Azərbaycan nümayəndə heyətini daşıyan təyyarənin birbaşa İrəvana eniş etməsidir:
"Bu hadisə həm də təhlükəsizlik baxımından qarşılıqlı etimadın formalaşdığını göstərən indikator kimi dəyərləndirilə bilər. Delimitasiya prosesinin irəliləməsi eyni zamanda regionun iqtisadi gələcəyi ilə birbaşa bağlıdır. Sərhədlərin müəyyənləşdirilməsi nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur istiqamətində yeni marşrutların formalaşması üçün hüquqi və texniki baza yaradır. Bütövlükdə, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri üç əsas səviyyədə qiymətləndirilə bilər. İlk növbədə bu, sərhədlərin delimitasiyası üzrə praktiki işlərin davamıdır və yekun sülh müqaviləsinə doğru atılan real və ölçülə bilən addımdır. Səfəri Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin, idarə olunan və intensiv xarakter daşıyan normallaşma mərhələsinin başlanğıcı kimi də dəyərləndirmək olar. Baş verən hadisə postmünaqişə dövründə formalaşan yeni siyasi reallığın tərkib hissəsidir və onun nəticələri yaxın perspektivdə həm sülh prosesinə və həm də Cənubi Qafqazın gələcək geosiyasi düzəninə birbaşa təsir göstərəcək".









