Avropa İttifaqının Ermənistana yeni mülki missiya göndərmək qərarı zahirən “hibrid təhdidlərə qarşı dəstək” kimi təqdim olunsa da, bu addımın arxasında duran motivlər daha mürəkkəb və çoxqatlı görünür.
Avropa İttifaqı regionda təsir imkanlarını genişləndirmək üçün yeni platforma qurur? Bu qərar ətrafında daha çox müzakirə edilən sual da budur.
Cənubi Qafqaz uzun illərdir ki, böyük güclərin maraqlarının toqquşduğu strateji məkan olub. Bu kontekstdə Aİ-nin Ermənistandakı iştirakını yalnız “demokratiyanın qorunması” prizmasından qiymətləndirmək sadəlövhlük olardı. Missiyanın iki illik mandatı və seçki proseslərinə fokuslanması onu göstərir ki, Brüssel regionun daxili siyasi dinamikalarına daha yaxından nüfuz etmək niyyətindədir. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin həssas mərhələdə olduğu bir vaxtda belə missiyanın yerləşdirilməsi təsadüfi görünmür. Regionda yeni “müşahidəçi” mexanizmlərin yaradılması gələcəkdə informasiya, təsir və hətta siyasi yönləndirmə alətinə çevrilə bilər.
Politoloq Kənan Novruzov Musavat.com-a deyib ki, parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi vəziyyət qarışır:
“Baş nazir Nikol Paşinyanın qalib gəlməsində maraqlı olan xarici aktorlar kimi onun uduzmasını istəyənlər də var. Bu, birbaşa olaraq xarici oyunçuların Cənubi Qafqaz və Ermənistan üzərindəki maraqları ilə bağlıdır. Sözsüz ki, seçkilər yaxınlaşdıqca Ermənistanda daxili siyasi vəziyyət daha da gərginləşəcək. Xarici oyunçular arasında rəqabət özünü müxtəlif formalarda göstərə bilər. Görünür, Avropa da perspektivi nəzərə alır. Fikrimcə, Avropa Paşinyanın qalib gəlməsində maraqlıdır. Ona görə digər oyunçuların, xüsusilə Rusiyanın müdaxiləsinin qarşısını almağa, ölkəni mümkün vətəndaş müharibəsinə bənzər ssenaridən sığortalamağa çalışır. Fikrimcə, bunlar missiyanın iki əsas məqsədidir.
Missiyanın fəaliyyətinin bir neçə il davam etməsi məsələsinə gəldikdə isə, yəqin ki, bu, seçkilərdən sonra Avropanın Cənubi Qafqaza dair planları ilə bağlıdır. Bununla belə, tamamilə mümkündür ki, Avropa İttifaqı missiyası adı ilə seçkilərə müdaxilə etmək niyyətindədir. Çox güman, Rusiya bunu belə qiymətləndirəcək və mümkün reaksiyalar bu məzmunda olacaq. Yaxın gələcəkdə ittifaqın sözügedən qərarı ilə bağlı Ermənistandakı daxili və xarici qarşıdurmanın yeni mərhələyə qədəm qoyması mümkündür. Hər halda Moskva bu məsələyə səssiz qalmaz”.









