Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə B.B. (adı, soyadı şərtidir) bacısı qızı – “Tik-Tok” sosial şəbəkəsində "AYDAW" ləqəbi ilə tanınan A.Nəzərli ilə bağlı xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
O, “tiktoker”in sosial şəbəkələrdə yaydığı paylaşımlarla bağlı xüsusi ittiham qaydasında cinayət işi başlanması üçün məhkəməyə üz tutub.
Belə ki, şikayətçi B.B. tərəfindən A.Nəzərlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə təqdim edilib.
Şikayət ərizəsində göstərilir ki, barəsində şikayət olunan şəxs - A.Nəzərli bacısı qızıdır və sosial şəbəkələrdə yayımladığı çıxışlarla onun şərəf və ləyaqətini ləkələyib. İddialara görə, həmin şəxs “TikTok” platformasında “AYDAW” adlı profil səhifəsində müxtəlif tarixlərdə – 29 dekabr 2025-ci il, 7, 11 və 12 yanvar 2026-cı il tarixlərində canlı yayımlar və paylaşımlar edərək xalası B.B. barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Şikayətçi bildirir ki, yayımlanan çıxışlarda onun maddi imkanları, ailə münasibətləri və şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli fikirlər səsləndirilib, eyni zamanda nalayiq ifadələr işlədilərək açıq formada təhqir edilib. Bu məlumatların geniş auditoriyaya çatdırıldığı və çoxsaylı şəxslər tərəfindən izlənildiyi qeyd olunur.
Ərizədə xüsusi olaraq vurğulanır ki, sosial şəbəkə üzərindən yayılan bu çıxışlar nəticəsində şikayətçi ciddi mənəvi sarsıntı keçirib, səhhətində problemlər yaranıb və dəfələrlə tibbi yardım almağa məcbur olub. Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında bir neçə dəfə təcili tibbi yardım xidmətinə müraciət edilib, eləcə də müxtəlif tibbi müayinələrdən keçərək müalicə alıb.
B.B. həmçinin qeyd edir ki, yayılan ifadələr onun cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərib, qohumları və tanışları arasında onun haqqında mənfi rəy formalaşdırıb. Şikayətçinin sözlərinə görə, həmin paylaşımlar qeyri-müəyyən və geniş şəxslər dairəsinə çataraq ictimai mühitdə rezonans doğurub.
Məhkəmənin hazırlıq iclasında şikayətçinin nümayəndəsi ərizənin məzmununu təsdiqləyərək onun icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş edib.
Məhkəmə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edib.









