Ucarda 15 yaşlı qızın ana olması ilə bağlı yayılan xəbər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanılıb və araşdırmalar aparılır.
Lakin hadisənin özü ilə yanaşı, bir sıra suallar da gündəmə gəlir: bu vəziyyət necə yaranıb, nəzarət mexanizmləri niyə vaxtında işləməyib və ən əsası, 14–15 yaşlı məktəbli qızın təhsildən yayınması niyə əvvəlcədən aşkarlanmayıb?
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Musavat.com-a geniş açıqlama verib.
Onun sözlərinə görə, son illər 13–15 yaş aralığında olan qız uşaqlarının erkən hamiləlik və zorakılıq qurbanı olması halları cəmiyyətin görmək istəmədiyi, lakin ciddi şəkildə mövcud olan bir problemdir:
“Son 2-3 il ərzində bizim quruma 13-14-15 yaşında hamiləliklə əlaqədar zorakılıq qurbanı olan qızlarla bağlı müraciətlər olub. Bu hamiləliklərin qarşısını almaq mümkün olmayıb və onların doğuşu məktəbə getdiyi dövrdə baş verib. Yəni tam şəkildə təhsildən kənarda qalmayıblar, məktəbə davam ediblər, sadəcə bu fakt çox vaxt uşağın özü tərəfindən gizlədilib”.
Kəmalə Ağazadənin sözlərinə əsasən, ən narahatedici məqam yalnız erkən hamiləlik deyil, eyni zamanda bu yaşda olan qızların təhsildən “gizli şəkildə” uzaqlaşdırılması və formal olaraq məktəbə davam etsələr də, real təhsildən məhrum edilmələridir:
“Daha ciddi problem odur ki, həmin yaşda olan qızlar məktəbdən kənarda qalır, formal olaraq məktəbə gedirlər, amma real təhsildən uzaqlaşdırılırlar. Bəzən nişanlanma kimi hallar da gizlədilir və bu proseslər nəzarətdən kənarda qalır. Bunun üçün xüsusi dövlət qurumları, monitorinq qrupları və koordinasiya mexanizmləri mövcuddur. Yerli icra hakimiyyətləri yanında komissiyalar var, yetkinlik yaşına çatmayanlarla iş üzrə strukturlar fəaliyyət göstərir. Amma sual budur: bu mexanizmlər real işləyirmi? Çünki bəzən kənddə bir hadisə olsa, dərhal xəbər tutulur, amma 14-15 yaşlı qızların nişanlanması, təhsildən kənarda qalması kimi ciddi hallar necə olur ki, nəzarətdən yayınır?”
O, bəzi məktəblərdə bu cür halların “ört-basdır” edildiyini iddia edib:
“Məktəblər var ki, bu cür halları gizlətməyə çalışır. Halbuki bu, daha ciddi nəzarət tələb edən məsələdir. Çünki bu, təkcə təhsil problemi deyil, həm də sosial və hüquqi problemdir”.
Kəmalə Ağazadə vurğulayıb ki, belə hallar cəzasızlıq və “barışıq” yanaşması ilə həll edilə bilməz. Onun sözlərinə görə, bəzi hallarda cəmiyyət problemi sadələşdirərək hər iki tərəfi “bağışlamaq” prinsipi ilə yanaşır ki, bu, vəziyyəti daha da ağırlaşdırır:
“Bəzən deyilir ki, uşağı da bağrıma basım, onu da bağışlayaq, barışdıraq. Amma bu yanaşma problemi həll etmir. Əksinə, cinayətin ört-basdır olunmasına gətirib çıxarır. Çox nadir hallarda biz bunun sonrakı mərhələdə müsbət nəticəsini görürük. Əksinə, hadisələr daha da dərinləşir və gizlədilir. Əgər cəza tətbiq olunursa, onun icrası və nəzarət mexanizmi güclü olmalıdır. Barışıq adı ilə bu məsələləri bağlamaq doğru deyil. Bəziləri deyir ki, qoy ailələr xoşbəxt olsun, ya da qızlar yetkinləşib. Amma bu, əsas deyil. Qanun dəyişdirilib, beynəlxalq konvensiyalara uyğun olaraq yaş həddi müəyyən olunub və bu, 18 yaşdır. Hazırkı qanunvericilik kifayət qədər aydındır, əsas problem onun icrasındadır. Bir neçə il əvvəl cənab Prezident tərəfindən uşaq hüquqları ilə bağlı qanuna dəyişikliklər imzalanıb və qüvvəyə minib. Bu qanunlara əməl olunmalıdır. Əsas məsələ qanunun alt mexanizmlərinin gücləndirilməsidir”.
K. Ağazadə qeyd edib ki, qeyri-hökumət təşkilatları yalnız təklif vermək və boşluqları göstərmək funksiyasını yerinə yetirə bilər, icra və nəzarət isə dövlət qurumlarının üzərinə düşür:
“Biz QHT olaraq öz təkliflərimizi veririk, müxtəlif təşkilatlarla əməkdaşlıq edirik, müzakirələr aparırıq, boşluqları göstəririk. Amma bu sahədə icra və real nəzarət dövlət qurumlarının üzərinə düşür. Onların bizi dinləməsi və təklifləri nəzərə alması çox vacibdir”.








