“Azərbaycan-Rusiya münasibətlərində nisbətən stabilləşməni gözləmək mümkündür, amma mənim qənaətimcə, əlaqələr əvvəlki strateji səviyyəyə qayıtmayacaq. Rusiya münasibətlərin strateji səviyyədə olduğunu desə də, əməldə bunu göstərməyib. Yəni dediyinin əksinə addım atıb. Bu, elə Azərbaycan-Ermənistan məsələlərinə də aiddir. Odur ki, münasibətlərin 2022-ci ildə bəyan olunan səviyyəyə qayıdacağına inanmıram”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Rusiya münasibətlərindən danışarkən deyib.
Zülfüqarov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı gərginlik stabilləşməyə doğru gedir:
“Gərginliyin səbəblərindən biri də bizim Rusiyadakı diasporumuza göstərilən münasibətlə bağlıdır. Ehtimal etmirəm ki, Rusiyada bizim diasporamıza, soydaşlarımıza münasibət və siyasət dəyişəcək, bundan sonra onlara təzyiq edilməyəcək. İndi müşahidə etdiyimiz odur ki, nəinki azərbaycanlılara, hətta Rusiya vətəndaşı olan digər millətlərin nümayəndələrinə qarşı da “müharibə” elan edilib. Elə buna görə də, güman etmirəm ki, bu münasibətdə hansısa dəyişiklik baş verəcək. Hazırda Rusiyada digər millətlərə qarşı da eyni proses gedir”.
Keçmiş nazir bir nümunə də gətirib:
“Yəqin ki, çoxları görüb. Rusiyada “millətçi qrup” küçədə bir xanımı saxlayaraq ona təzyiqlər etməyə başlayır. Sonra məlum olur ki, bu xanım Rusiya vətəndaşıdır, Rusiyanın Buryatiya Respublikasındandır. Bu mövzu barədə Buryatiya rəhbərliyinə sual verildi və onun cavabı belə oldu: posportu üzərində gəzdirmək lazımdır”.
Zülfüqarov bildirib ki, Rusiyada baş verənlər siyasi məntiqə sığmır:
“Mənim qənaətimcə, əslində, baş verənlər böhran əlamətidir. Bu kimi məsələlər həllini necə tapacaq? İnsanları millətlərinə görə sortlara böləcəklər? Ruslar birinci, bruyatlar ikinci sort olacaq?
Hesab edirəm, Rusiyada baş verənlər həm ciddi problem, həm də təhlükəli prosesdir və ziyanı dövlətə dəyə bilər. Demək istəyirəm ki, problem təkcə Azərbaycan diasporasına, Rusiya vətəndaşı olan və ya olmayan azərbaycanlılarla bağlı deyil, həm də digər millətlərə qarşı yaranıb”.
Zülfüqarovun qənaətincə, dövlətlər arasındakı münasibətlərdə gərginlik səngiyə, ikinci və ya üçüncü dərəcəli məmurlar arasında münasibətlər qurula, müzkirələr aparıla bilər: “Hətta Rusiyada təbliğat baxımından təzyiqlərin səngiməsi də mümkündür. Amma ümumi problem qalacaq, onun həll ediləcəyinə gümanım yoxdur. Kontaktlar da olacaq, lakin tezliklə dövlət rəhbərləri səviyyəsində münasibətlərin əvvəlki kimi olacağını gözləmirəm”.