Bakının məşhur fitnes mərkəzlərindən biri kimi tanınan “FS Club Badam”da çalışan şəxs müştəri ilə yeyib-içdikdən sonra onun mobil telefonunu və qolbağını oğurlayıb.
Musavat.com xəbər verir ki, adı çəkilən obyektdə kisəçi işləyən Rəhman bir neçə aydır tanıdığı Rəsul adlı müştərinin mobil telefonunu və qolbağını oğurlayıb.
Rəsul “FS Club Badam”da idman zalından və hamamdan istifadə edirmiş. Hadisə günü hamamdan çıxan Rəsul pivə sifariş vermək istəyib. Rəhman isə mərkəzin restoranının bağlı olduğunu, sifariş götürülməyəcəyini deyib.
Söhbət zamanı Rəhman da pivə içmək istədiyini, lakin pulunun olmadığını bildirib. Bu zaman Rəsul Rəhmanı pivə içməyə dəvət edib. Onlar “FS Club Badam”dan ayrılaraq Rəsulun yaşadığı evə gəliblər. Rəsul marketdən pivə alaraq Rəhmanla birlikdə evə qalxıb. Pivəni içdikdən sonra Rəsul getməyə yerinin olmadığını, “FS Club Badam”ın idman zalında gecələdiyini deyib. Bildirib ki, içkili olduğu üçün gecə saatlarında onu “FS Club Badam”a buraxmayacaqlar.
Rəsul Rəhmana gecəni onun evində qalmağı təklif edib. Rəhman da bununla razılaşıb. Rəsul yatan zaman qolundakı qolbağı çıxararaq masanın üzərinə qoyub. Rəsulun yatdığını görən Rəhman “iPhone 15” və qızıl qolbağı götürərək evdən qaçıb. Qolbağı girov qoyaraq 330 manat pul götürərək xərcəyib. Telefonu isə özündə saxlayıb.
İstintaq zamanı Rəhman Rəsula dəymiş zərəri ödəyib. Rəsul da Rəhmanı bağışlayıb. Rəhman barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qeyd edək ki, “FS Club Badam” fitnes, hovuz, spa, masaj kim xidmətlər göstərən məşhur məkanlardan biridir.