"Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır". Bu barədə Baş nazir Nikol Paşinyan dünənki mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlı olduğunu ardıcıl olaraq nümayiş etdirir: "Bütün danışıqlarımızda aydın şəkildə vurğulanır ki, biz bütün prosesləri yalnız Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində görmüşük, görürük və görəcəyik. O ki qaldı “autsorsinqə” (regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi), hazırda Ermənistanda bir çox “autsorsinqə” rast gəlinir, onlardan bəziləri bizi qane edir, bəziləri isə yox. Məsələn, Zvartnots hava limanının idarəsi “autsorsinqdir”. Hesab etmirəm ki, bununla Ermənistanın suverenliyi hansısa bir şəkildə pozulub".
Qeyd edək ki, ABŞ-nin Zəngəzur dəhlizində təhlükəsizliyin Amerika şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumat yayılıb. ABŞ-nin Türkiyədəki səfiri Tom Barak özəl nüfuzlu Amerika şirkətinin Zəngəzur dəhlizində qarant rolu oynaya biləcəyi barədə xəbərləri təsdiqləyib. Barak əlavə edib ki, bu təklifi, əslində, Türkiyə verib və ABŞ razılaşıb. Lakin Ermənistan tərəfi bildirib ki, həmin şirkət yolun Naxçıvanda olan hissəsində də fəaliyyət göstərsin, Azərbaycan isə bunu qəbuledilməz adlandırıb.
Politoloq Oqtay Qasımov "Şərq"ə açıqlamasında deyib ki, amerikalı səfir dövlət tərəfindən ona verilən təlimatları, tapşırıqları yerinə yetirir. Ekspertin sözlərinə görə, ABŞ-nin Türkiyədəki səfiri həm də Prezident D.Trampın dostudur:
"Ona görə də səfirin bəyanatı təsadüfi səslənməyib. ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil. Hələ 1920-ci ildə Prezident V.Vilsonun dövründə Amerikanın Zəngəzurdakı nümayəndəsi ozamankı dəhlizə nəzarətin məhz Vaşinqtona verilməsini təklif edirdi. Yəni bu, köhnə söhbətdir. 1990-cı illərin əvvəllərində aparılan danışıqlarda da bu mövzu gündəmdə idi. Hətta o zaman ABŞ, Böyük Britaniya və Türkiyə nümayəndələri Azərbaycan və Ermənistan rəsmiləri ilə keçirdikləri görüşlərdə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparıblar. Avtomobil, dəmiryol xətlərinin oradan keçməsi müzakirə predmeti olub. Hətta gələcəkdə neft-qaz kəmərlərinin sözügedən ərazidən keçməsi ilə bağlı müəyyən ilkin razılaşmalar olmuşdu".
Analitik əlavə edib ki, Rusiya oyundan kənarda qaldığı üçün Azərbaycanın 4 rayonunu - Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın işğalına dəstək verdi:
"Bununla da, həmin məsələ qapandı. ABŞ-nin növbəti marağı 2023-cü ilin noyabr ayında Konqresdə keçirilən dinləmələr zamanı gündəmə gətirildi. Ozamankı dövlət katibinin müavini Ceyms Obrayn bununla bağlı danışarkən Azərbaycan-İran arasındakı "Araz dəhlizi"nə etirazını bildirmişdi. Maraqlı tendensiya odur ki, "Ermənistanın ərazi bütövlüyü və suverenliyi" məsələsi İran tərəfindən manipulyasiya edilir. İran tərəfinin "min illik yol" iddiası da başdan-başa absurddur. İranla Ermənistanı bağlayan, Mehri üzərindən keçən yol 1980-ci ildə inşa edilib. Yəni bu yolun 45 illik tarixi var. Zəngəzur dəhlizinin açılmasının Ermənistanın suverenliyinə hansısa təsiri yoxdur. Azərbaycan tərəfi ən yüksək səviyyədə bununla bağlı mövqeyini bildirib. Zəngəzur tarixi torpaqlarımız olsa da, bəyan etmişik ki, müasir beynəlxalq hüquqa görə, bölgə Ermənistan Respublikasının ərazisi sayılır. Ona görə yolun açılmasında İrəvanın suverenlik hüquqlarını da tanıyırıq. Sadəcə olaraq istəyimiz odur ki, dəhlizdən keçid sadələşdirilmiş və maneəsiz olsun. Üçtərəfli bəyanata görə, bunu Rusiya etməliydi. Amma Moskva öz qurduğu tələyə düşdü. Bakı və İrəvana təzyiq etmək niyyətində olan Rusiya özü Ukrayna bataqlığına saplandı. Ermənistan da sürətli şəkildə Qərbə yaxınlaşdı və Kremldən uzaqlaşdı. Getdikcə Rusiya Cənubi Qafqazdakı proseslərdən ciddi şəkildə kənarda qaldı və dəhlizə nəzarət məsələsi gündəmdən çıxarıldı".