“Middle East Eye” nəşrinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyulun sonunda Dubayda görüşə biləcəyini yazıb.
Məlumatda liderlərin görüş zamanı sülh müqaviləsi və Bakının təkliflərini müzakirə edəcəyi qeyd olunur. Bu xəbər, hazırda həm Azərbaycan, həm də Ermənistanda Rusiyaya münasibətdə bənzər vəziyyətin müşahidə olunması fonunda xüsusi diqqət çəkir.
Belə bir görüşün reallaşması nə dərəcədə mümkün görünür? Məkan üçün Dubayın seçilməsində məqsəd nədir?
Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Azərbaycan və Ermənistan liderlərinin nəinki görüş və təmaslarının müzakirə predmeti, hətta onların keçirildiyi məkan da hər zaman diqqətlə izlənilib və geniş diskussiyalara səbəb olub:
“Rəsmi açıqlama olmasa da, siyasi kluarlarda artıq qulaqdan-qulağa gəzməyə başlayan, Dubayda keçirilməsi gözlənilən bu görüş, fikrimcə, indiki məqamda daha çox diqqətləri özünə cəlb edir. Məsələ ondan ibarətdir ki, bu istiqamətdə bir ara kəskin Rusiya və Qərb rəqabətinin şahidi olduq. Bu rəqabət, şübhəsiz, diqqəti əsas məsələlərdən yayındırmaqla kifayətlənməyib, həm də prosesi tormozlayırdı. Həllini gözləyən məsələlər, böyük layihələr isə vaxt itkisinə qəti icazə vermir. Ermənistanın konstitusiyası dəyişdirilməli, tarixə qovuşmuş təsisatın rəsmi qüvvədən düşməsi üçün birgə müraciət təqdim olunmalı, bununla da sülh müqaviləsi ilə bağlı gələcəkdə sorğu-sual ehtimalının belə olmaması istiqamətində konkret, hüquqi əsaslı addımlar atılmalıdır.
Həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə son baş verən proseslər Rusiyanın öz vasitəçiliyi olmadan nəinki razılaşmaların, görüş və təmasların baş tutmasına belə olduqca sərt yanaşmasını bir daha sübut etdi. Bir tərəfdən İrəvanda dövlət çevrilişinə cəhd, mövcud hakimiyyətə rəqib kimi Moskvanın öz adamlarını siyasi meydana qaytarmaq cəhdləri, Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları, digər tərəfdən də Azərbaycanla məlum məsələlər Rusiyanın proseslərdən bir qədər, bu məqamda isə mümkün qədər uzaq durmasını şərtləndirdi”.
Politoloqun sözlərinə görə, bu reallıq fonunda özünü daha neytral və etibarlı kommunikasiya mərkəzi kimi qurmaq niyyətində olan platformalar dəyərləndirilməyə başlanıldı:
“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu istiqamətdə dönüş sərgiləyən, münaqişələrdə təsir imkanlarından istifadə etməyə imkan verən yanaşmasının şahidiyik. BƏƏ-nin xarici siyasət strategiyasında hazırda hamı ilə danışmaq çox mühüm rol oynayır. Bu dövlət özünü dialoq platforması kimi təsdiqləməklə ardıcıl vasitəçilik etmək istədiyi münaqişələrdə iştirak edən bütün tərəflərlə açıq ünsiyyət kanallarını saxlamaq üçün neytral mövqe tutmağa çalışır. Məhz bu neytrallıq və yanaşma onun hazırkı vasitəçilik roluna gətirib çıxarıb. Bir sözlə, BƏƏ özünü etibarlı tərəfdaş kimi göstərmək istiqamətində ardıcıl addımlar atır.
Mühüm bir ştrix də var ki, bu da ərəb dövlətlərinin öz aralarında da beynəlxalq diqqəti cəlb edən böhranlarla bağlı danışıqlara ev sahibliyi etmək, qlobal güc brokeri kimi yenidən imic formalaşdırmaq rəqabətinin müşahidə olunmasıdır. Məlum məsələdir ki, Səudiyyə Ərəbistanı da bu cür məsələlərdə təşəbbüskar qisimdə çıxış edir, getdikcə daha qlobal münaqişələri müzakirə etmək üçün gələn dövlət liderlərin qəbulu ilə məşğul olur. Digər yandan ərəb dünyası ilə Türkiyənin münasibətləri də bəllidir”.
Şəbnəm Həsənova
Ş.Həsənova BƏƏ və Azərbaycan arasındakı əlaqələrə diqqət çəkib:
“BƏƏ və Azərbaycan arasında münasibətlər inkişaf edir. COP29 tədbiri ərəfəsindən iki ölkə arasında təcrübə mübadiləsi aparıldı. Həmçinin ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji məsələləri də strateji tərəfdaşlıq xarakteri daşıyan bu münasibətlərdə əhəmiyyətli yer tutur. Prezident İlham Əliyev cari ilin başlanğıcında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu bildirmişdi. Adətən, diplomatiyada konkret müsbət və mənfi sözlərə nadir hallarda rast gəlinir. Deməli, BƏƏ ilə münasibətlər bu ritorikanı istifadə etməyə layiq görülür. Bu məqamda Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabirin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlməsini də vurğulamalıyıq”.
Ekspert deyib ki, iki ölkə liderinin görüşünün BƏƏ-də olması faktı, bir-birinə əks qütblərdə dayanan, məsələyə öz maraqları prizmasından, rəqabətlərindən doğan amillər üzərindən baxan aktorların iradəsindən də, istəyindən də uzaq olacaq:
“Görüşün Dubayda keçirilməsi bu dövlətin ərəb dünyasında formalaşan əsas mövqeyini vurğulayan, həm də ambisiyalı vasitəçilərdənsə, neytral məkanda keçirilən görüş yerində tutulmağa çalışılmayan, irəliyə doğru atılan addımdır. İcra edilən layihələr işığında Cənubi Qafqazda bilərəkdən eskalasiya edilən hadisələr birmənalı onu göstərir ki, öndə maneə kimi duran məsələlər həll edilmək istiqamətində bütün uğursuz cəhdlərə rəğmən, həm də vaxt uzadılmadan yekunlaşdırılmağa çalışılır”.