Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə başlayıb.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib.
Ramin Şükürovun vəkili Abbas Atakiyev bildirib ki, cinayət işi ilə tanış deyil: "İttihamı oxudum, heç nə başa düşmədim. Buna görə də mənə cinayət işi ilə tanış olmaq üçün vaxt verilməsini istəyirəm".
Hakim Fikrət Əliyev bildirib ki, Ramin Şükürovun həbs, Xalid Əzimov və Emil Nəbiyevin isə ev dustaqlığı qətimkan tədbirinin müddəti iyulun 3-də bitir. Bu məsələnin uzadılması məsələsini müzakirəyə çıxarıb.
Vəkil Ceyhun Yusifov bildirib ki, Ramil Şükürov ağır ürək xəstəsidir. O, məhkəmə zalına müalicə mərkəzindən gətirilib:
"Orada intensiv şəkildə müalicə alır. 23 iyunda Mərkəzi Gömrük Hospitalında müayinədən keçib. Həmin sənədin işə əlavə edilməsini, öhdəliyində az yaşlı övladının olmasını nəzərə almağınızı xahiş edirik".
Müdafiə tərəfi qeyd edib ki, təqsirləndirilən şəxslər eyni maddələr üzrə ittiham olunur. Xaliq Əzimov və Emil Nəbiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin Ramil Şükürov həbs edilib. Müvəlkilimin həbsdə saxlanılması üçün əsas yoxdur.
Öncə Ramil Şükürov barəsində ev dustaqlığı seçilsə də, sonra da istintaq orqanı həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verib. Ya şəxslərin hamısı barəsində ev dustaqlığı seçilməlidir, ya da həbs edilməlidir.
Qərarda qeyd olunub ki, təqsirləndirilən şəxslərin barəsində olan qətimkan tədbirinin müddəti hazırlıq iclasının keçirilməsinə qədər uzadılıb.
Hazırlıq iclasının davamı iyulun 11-də davam edəcək.
Qeyd edək ki, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifədə işləyərkən Xalid Əzimov və Emil Nəbiyev ilə cinayət əlaqəsinə girib.
Onlar çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik edilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimlan tədbiri seçilib.