“Məhərrəm ayında toy etməklə bağlı yanaşmada iki məqamı nəzərə almalıyıq. Nə qədər istəsək də, istəməsək də, yenə də bu məsələyə gəlib çıxırıq. İslam məzhəblərinin iki baxışı var. Əhli-sünnə camaatına görə, Məhərrəm ayında toy etmək olar, bu ay sıradan aylardan biridir. Yəni toy etməklə bağlı heç bir məhdudiyyət və günah yoxdur. Musiqiyə yanaşma isə fərqlidir. Şiə alimlərinə görə, əksinə. Məhərrəm ayında şadlanmaq, musiqi dinləmək olmaz. “Qurani-Kərim” və hədislərə qayıtsaq, yenə də məzhəb alimlərinin fikir ayrılığı var. Əhli-sünnə alimləri məhdudiyyət qoymur. “Qurani-Kərim”də də Məhərrəm ayında toy qadağası ilə bağlı heç bir məqam yoxdur. Məsələnin mahiyyəti ondadır ki, bu, daha çox məzhəblərdən irəli gəlir. Şiə məzhəbinə görə, Məhərrəm ayında toy etmək günahdır. Qarşıdurmadan qaçmaq üçün insanlarımız bir-birilərinə hörmət etməyi bacarmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, hər iki məzhəbin nümayəndələri bu məsələdə də tolerantlıq nümayiş etdirməli, bir-birlərinin inanclarına hörmətlə yanaşmalı, toxuna biləcək heç bir fikir söyləməməlidirlər: “Bu kimi məsələlərdə də birliyimizi, həmrəyliyimizi pozub, ona xələl gətirə biləcək addımlardan və məsələlərdən uzaq olmalıyıq. Yəni hər kəs öz inancına görə yanaşmalı, əməl etməli, buna uyğun proses getməlidir. Sadəcə, insanlarımız baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar. Kimsə qan çıxarmaq istəyirsə, qanvermə aksiyalarında bunu edə bilər. Məhərrəm ayını dinimizin tələbinə, İslamın hüququna uyğun olaraq keçirməliyik".