Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda mədənçıxarma sənayesində ümumilkdə 32 min 622 nəfər muzdlu işçi olub və onların 59,8%-i və ya 19 min 487 nəfəri xam neft və təbii qaz hasilatı sahələrində işləyiblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dövlət sektorunda xam neft və təbii qaz hasilatı sahələrində işləyənlərin sayı 7 min 588 nəfər olub.
Qeyd edək ki, son illərdə bu sahədə çalışan işçilərin sayı davamlı olaraq azalıb. 5 il əvvəl – 2020-ci ilin eyni dövründə dövlət sektorunda xam neft və təbii qaz hasilatı sahələrində işləyənlərin sayı 9 min 322 nəfər təşkil edib. Son 5 ildə bu sahədə işləyənlərin sayı 18,6% azalıb.
Məlumat üçün onu da bildirək ki, Dövlət Neft Şirkətinin (SOCAR) açıqladığı sonuncu hesabatda ötən ilin əvvəlində şirkətin 48 min 320 nəfər işçisinin olduğu göstərilib. SOCAR-dan verilən məlumatda qeyd olunur ki, bunlardan 5 min 842 nəfəri rəhbər işçi, 8 min 315 nəfəri mütəxəssis, 759 nəfəri texniki icraçı və 33 min 404 nəfəri fəhlədir.
Onu da bildirək ki, Dövlət Statistika Komitəsi ötən ilin əvvəlində ölkənin mədənçıxarma sənayesində 33 min 276 nəfər muzdlu işçinin işlədiyini açıqlayıb. Bu işçilərin 11 min 550 nəfəri dövlət sektorunda işləyən işçilər olub ki, onların da 8 min 19 nəfəri xam neft və təbii qaz hasilat sahələrində çalışıblar.
Açıqlanan məlumatlardan da göründüyü kimi, SOCAR-da işləyənlərin sayı 48 min 320 nəfər olduğu halda, dövlət sektorunda xam neft və təbii qaz hasilat ilə məşğul olanların sayı 8 min 19 nəfər olub.