
Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Qəribəli Azadəliyev ciddi qanunsuzluqlarla və ehtimal olunan cinayət faktları ilə üzləşdiyini bildirir.
"DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, anası Şaxanım Azadəliyeva 2018-ci ildə vəfat etdikdən sonra ona məxsus Saray qəsəbəsində yerləşən torpaq sahəsini vərəsəlik hüququ əsasında qəbul edib. Lakin anasının vəfatından təxminən bir il yarım sonra – 2020-ci ildə məlum olub ki, şəxsiyyəti hələ dəqiqləşdirilməmiş şəxslər və bəzi vəzifəli məmurlarla əlbir olaraq, mərhumun adından sənədlərə saxta imzalar atıb, həmin əmlakı qanunsuz şəkildə mənimsəyərək satıblar.
Şikayətçi bildirir ki, bu hadisə ilə bağlı dəfələrlə aidiyyatı qurumlara rəsmi qaydada müraciət etsə də, indiyədək heç bir effektiv tədbir görülməyib və məsul şəxslər barəsində hüquqi addımlar atılmayıb.
O, qeyd olunan faktların hərtərəfli araşdırılmasını, günahkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və məsələyə hüquqi qiymət verilməsini xahiş edir.










