"Naxçıvanda bəd ünüylə məşhur olan bir göl var. Naxçıvan şəhərindən hardasa 10 km. aralıda yerləşən bu göl bizim dövrümüzdə həm Muxtar Respublikanın mərkəzi şəhərinin, həm də ətraf kəndlərin plyajı hesab olunurdu. Uşaqlıqda yay aylarında tez-tez bu gölə gedib çimərdik. Uzunoba bir çox Naxçıvan gənclərinin batmasıyla ün qazanmışdı. Şəxsən mənim bibimoğlu Əhədi də bu göl əlimizdən almışdı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz paylaşıb.
O daha sonra bildirir: "Naxçıvandan əldə etdiyim məlumata görə, dünən Uzunoba növbəti qurbanını bizdən ayırıb. Budəfəki qurbanın adı Qalayev Zamin Zeynəlabidin oğludur.
Mərhum Zamin bəy Naxçıvan Fövəlqəladə Hallar İdarəsində işləyirmiş. Dünən istirahət günü olduğundan işə getməyib, atası ilə bərabər Naxçıvan Dövlət Yol Polisinə lazımi sənədləri düzəltmək üçün yollanıbmış. Hələ işini bitirməmiş yuxarıdan zəng gəlir və Zamin bəy dərhal Uzunobaya çağırılır. Məlum olur ki, Naxçıvanın yeni rəhbəri Ceyhun Cəlilov əfəndiləri bazar günü Uzunobada iməclik elan edir. Uzunoba gölündən götürülən su ilə ətrafdakı ağaclar suvarılmalı imiş. Amma məsələ burasındadır ki, çoxdan istifadə olunmadığımdam Uzunoba gölünün bəndinin qapısı tutulubmuş. Zamin bəy də məhz bu səbəbdən Uzunobaya çağırılıb.
Tapşırıq yerinə gələn Zamin bəy sukeçirməz paltarını geyinib, sualtından nəfəs almaq üçün xüsusi aparatları üzünə taxıb gölə qərq olub. Məgər ki, sualtı aparatının balonunda oksigen az imiş və qısa müddətdən sonra havası bitdiyindən o, Uzunoba gölündə boğulub.
Bildirildiyinə görə, dünən 6-cı gün imiş ki, Naxçıvandakı xüsusi nümayəndə Uzunobada məcburi iməclik təşkil edirmiş. Amma bəndin ağzı açılmadığından Naxçıvan iməclikçiləri bir ağacı belə suvara bilməyiblər. Naxçıvan FH idarəsinin səhlənkarlığı nəticəsində olan Qalayev Zaminə olub.
Diqqətinizə çatdırmaq istərdim ki, Uzunoba əslində süni yaradılmış göldür. Naxçıvan MR Babək rayonu ərazisində Naxçıvan şəhərindən şimalda yerləşən bu su anbarı kənd təsərrüfatı torpaqlarının suvarmaq məqsədilə 1961-ci ildə istismara verilib.
Bəndin hündürlüyü 17.5m, uzunluğu 1868 m və su anbarının ümumi həcmi 9 mln.m³-dur. Suvarma sahəsi isə 2400 ha-dır.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün Naxçıvan Fövqəladə Hallar İdarəsinə zəng etdim. Telefonuma cavab verən FHN əməkdaşı 1 dəqiqədən sonra təkrar zəng etməyim ricasında bulundu. Mən də dövlət məmurunun əmrinə itaət göstərib yarım saatdır ki, həmin nömrəyə zəng etməsəm də, telefon dəstəyini qaldıran yoxdur. Ümid edirəm ki, iməcliksecən Naxçıvan hökuməti bu iddialarla bağlı rəsmi açıqlama yayacaq, biz də onu sizin diqqətinizə çatdıracağıq..."








