Culfa şəhər sakini Qasımova Jalə, 4 il əvvəl bələdiyyədən aldığı torpaq sahəsində tikdiyi evi sənədləşdirə bilmir. Bu barədə “Gündəlik Naxçıvan”a müraciət edən şikayətçi, evi sənədləşdirmək üçün müxtəlif qurumlara müraciət etsə də, heç bir müsbət cavab ala bilmədiyini bildirir.
Həmin ev Culfa şəhəri Heydər Əliyev Prospektində yerləşir və şikayətçi hazırda orada yaşayır. O hər ay kommunal xərclərini vaxtında ödədiyini, torpaq sənədlərinin də qaydasında olduğunu bildirir. Lakin, aidiyyəti qurumlara layihə təqdim etməsinə baxmayaraq, bu qurumlar onun layihəsini təsdiqləməkdən imtina edirlər:
"Ətrafda, eyni ərazidə tikilən bütün evlər sənədləşdirilib. Mənim müraciətimə cavab olaraq deyirlər ki, güya mənim torpağım dəmiryolu zolağına düşür. Dəmir yoluna da müraciət etmişəm, amma baxmadan və maraqlanmadan təsdiqləyici bir sənəd göndəriblər. Əgər dəmiryoluna düşürdüsə, bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı? Bələdiyyə qanunsuz satırdısa, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti niyə sənəd verirdi? Mən niyə bu qədər xərc çəkib torpaq almalı, ev tikməli və bu günə qədər kommunal xidmətlərə pul ödəməliyəm?"
Şikayətçi, digər tikilmiş evlərin sənədləşdirildiyini və çıxarışlarının verildiyini bildirərək, vəziyyətin ədalətsiz olduğunu vurğulayır:
"Əgər mənim evim dəmiryolu zolağına düşürsə, o zaman ərazidəki digər evlərə necə sənəd verilib?"
Çarəsiz vəziyyətdə qalan Jalə Qasımova aidiyyəti qurumlara müraciət edərək, məsələnin ədalətli həllini tələb edir.
"Gündəlik Naxçıvan"