Vaşinqtonda keçirilən Zirvə görüşündən 10 gün ötüb, lakin Zəngəzur dəhlizi ilə bağlı hər hansı dinamika müşahidə olunmur. ABŞ-ın vasitəçiliyi ilə Ağ Evdə imzalanan razılaşma nəinki regionun nəqliyyat xəritəsini yenidən çəkir, həm də Cənubi Qafqazda balansı dəyişdirə biləcək geopolitik dönüş nöqtəsi hesab edilir.
Maraqlıdır, “TRIPP” layihəsi nə vaxt tam icra ediləcək?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Vaşinqton görüşü tarixi əhəmiyyət daşıyır:
“Bu görüşün ən böyük uğuru, şübhəsiz, maneəsiz hərəkətin təmin olunmasıdır. Hər nə qədər adı “TRIPP” dəhlizi olsa da, hesab edirəm ki, mahiyyəti dəyişməz qalıb, yəni bizim istəyimiz reallaşıb – Zəngəzur dəhlizi açılıb.
Maneəsiz hərəkətin təmin edilməsi üçün hələ uzun yol keçmək lazım gələcək. Çünki Azərbaycan bütün infrastrukturu çoxdan hazır edib, amma Ermənistanın edəcəkləri qarşıdadır. Bu, vaxt aparacaq. Digər tərəfdən, Paşinyan bu detalı hələ daxili auditoriyaya qəbul etdirə bilməyib.
Hesab edirəm ki, təmkinli olmaq faydalıdır. Yəni sürətli, amma natamam olmaqdansa, gec, lakin birdəfəlik və tam icra olunması daha məqsədəuyğundur. Ona görə səbirli olmaq lazımdır. Hər halda Trampın vasitəçiliyi ilə Ermənistan öhdəlik götürüb. Hər hansı neqativ hal baş verərsə, İrəvan məsuliyyət daşıyır. Bakı isə haqlı mövqedədir”.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-da Azərbaycan və Ermənistan liderlərinin birgə görüşü və Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli bəyannamə regionda yeni bir siyasi mərhələnin başlanğıcıdır:
“İlk növbədə, ABŞ “Tramp körpüsü” adlandırdığı bu dəhlizin açılmasını tezləşdirmək üçün hərəkətə keçməlidir. Görünür, Tramp diqqəti daha çox Rusiya–Ukrayna müharibəsinin həllinə yönəldib. Hesab edir ki, Cənubi Qafqazda problem həll olunub və dəhlizin açılmasını növbəti mərhələdə həyata keçirə bilər. Amma biz görürük ki, Rusiya və İran Zəngəzur dəhlizi ilə bağlı mənfi, ikibaşlı mövqe sərgiləyir. Xüsusilə Rusiya 10 noyabr Birgə Bəyannamənin qüvvədə olduğunu vurğulayır. İran isə sərhəddə hərbçilərinin mövcudluğunu olmamasını tələb edir.
Politoloq qeyd edib ki, Rusiya və İran Zəngəzur dəhlizi mövzusunda barışmaz mövqe sərgiləyirlər və belə olan halda Ermənistan Baş naziri Nikol Paşinyan Bakıya dəstək olmalı, məsələnin həlli üçün aktivləşməlidir:
“Sentyabrdan başlayaraq Paşinyan dəhlizdə infrastrukturun qurulması üçün ABŞ-la layihələr həyata keçirməlidir. Azərbaycan isə bu kontekstdə Ağ Evi məlumatlandırmalı və işlərin başlanmasına çağırmalıdır. Çünki proses uzandıqca bundan ən çox faydalanan tərəf Rusiya olacaq.
Düşünürəm ki, bu proses sentyabrdan başlaya bilər. Bundan əlavə, Rusiya 102-ci bazada hərbi mövcudluğunu artırır. Bu da Zəngəzur dəhlizi ilə bağlıdır. Artıq 102-ci bazanın çıxarılması üçün etiraz aksiyaları təşkil olunur. Göründüyü kimi, Paşinyan Rusiya hərbi bazasına təzyiqi artırmaqla Zəngəzur dəhlizində işlərə başlaya bilər”.