İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a şərh edən siyasi şərhçi Polad Mehdiyev bildirdi ki, İranın TRIPP (“Trump Route for International Peace and Prosperity”) layihəsinə qarşı çıxması, əsasən, regiondakı geosiyasi balans qorxusundan irəli gəlir:
"İran Türkiyə-Azərbaycan əməkdaşlığının güclənməsini öz nüfuz dairəsinə təhd, Ermənistanı isə özünün strateji tərəfdaşı və bu ittifaqa qarşı tarazlıq elementi kimi görür. Bu səbəbdən də, İran marşurutun açılmasının qarşısını almaq üçün həm diplomatik, həm də geosiyasi təzyiq vasitələrindən istifadə etməyə çalışır".
Onun sözlərinə görə, İranın qarşı çıxmasının əsasən bir neçə səbəbi var:
"Bu marşurut Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirərək regiondakı ticarət və nəqliyyat axınında Türkiyənin rolunu gücləndirəcək, bu isə Tehran üçün geosiyasi balansın Ankaranın xeyrinə dəyişməsi deməkdir. Marşurut bölgədə yeni iqtisadi–nəqliyyat xəritəsi formalaşdıracaq. İranın Ermənistan üzərindən Avropaya çıxış imkanlarını zəiflədəcək və onun Cənubi Qafqazda əsas tranzit oyunçu statusuna zərbə vuracaq. Bu isə İranın həm tranzit üstünlüyünü, həm də Ermənistan üzərindən Avropaya çıxış imkanlarını zəiflədəcək. Tehran bu marşrutun bölgədə Qərb və NATO təsirini artıracağından ehtiyatlanır.
Lakin, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti və uğurlu diplomatik addımları nəticəsində dəhliz məsələsi artıq beynəlxalq gündəmdə möhkəm yer tutub. Azərbaycan regionun nəqliyyat və ticarət mərkəzinə çevrilmək məqsədilə, bu layihəni həm iqtisadi, həm də strateji prioritet kimi irəli aparır və bu istiqamətdə regional və qlobal tərəfdaşlarla işləməyə davam edir",- deyə Polad Mehdiyev fikirlərini yekunlaşdırdı.