“50 ildən artıqdır ki, Rusiya Cənubi Qafqazda hökmranlıq edib, onu istismar edib, ağalıq edib və ”parçala, hökm sür" müstəmləkəçi siyasətini həyata keçirib".
Bu barədə Amerikada nəşr olunan nüfuzlu “The Hill” qəzeti yazıb (Axar.az).
“İndi Ermənistan və Azərbaycan aydın xətlər çəkir və Amerikanın onlara kömək etmək üçün tarixi imkanı var. Rusiya Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlamaq üçün ”parçala və hökm sür" strategiyasından istifadə etməklə hər iki tərəfi qəzəbləndirib. İndi isə bu, iki tərəfi bir-birinə daha da yaxınlaşdıra bilər", - yazıda bildirilir.
Qeyd olunur ki, Vaşinqton eskalasiyaya gətirib çıxarmadan regionda təsirini artırmaq üçün iki addım ata bilər: “Birincisi, Ermənistan, Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanı və sülh diplomatiyasını dəstəkləməkdir, bu da Asiyadan Avropaya Rusiya və İrandan yan keçən tranzit marşrutu olan Orta dəhlizi gücləndirməyə kömək edəcək. Bu, regionun Moskvadan asılılığını azaltmağa yardım edəcək. İkinci addım daha əvvəl İsrailin yüksək rütbəli parlamentariləri və Baş nazir Benyamin Netanyahu tərəfindən səsləndirilən strategiyanın Azərbaycan və İsraillə müdafiə sahəsində üçtərəfli əməkdaşlığıdır”.
Nəşrə görə, hər iki ölkədən Moskvaya belə açıq çağırış cəmi beş il əvvəl qeyri-mümkün görünürdü: “Lakin iki hadisə Rusiyanın regiondakı mövqeyini sarsıtdı. Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması və Ukraynadakı müharibə. Təxminən otuz ildir ki, Rusiya Qarabağ münaqişəsindən Ermənistan və Azərbaycana təsir vasitəsi kimi istifadə edir. Moskva Ukrayna, Moldova və Gürcüstanda oxşar strategiyadan istifadə edərək, təzyiq göstərmək üçün separatçı hərəkatları dəstəkləyib. Amma Qarabağ məsələsində hər iki tərəfə birdən təzyiq edilirdi. Azərbaycanın 2020 və 2023-cü illərdəki uğurlu əməliyyatlarından sonra Moskva əsas rıçağını itirdi. Ukraynada müharibənin başlaması ilə onun Cənubi Qafqaza təsir imkanları xeyli azaldı. Rusiyanın ”parçala və hökm sür" taktikası həm Ermənistan, həm də Azərbaycanı getdikcə qıcıqlandırırdı. İndi də Moskva hər iki tərəfi birləşdirə bilər - bu dəfə özünə qarşı".
Öz növbəsində “The Moscow Times” qeyd edib ki, son 35 ilin böyük hissəsini bir-biri ilə müharibə vəziyyətində keçirən Ermənistan və Azərbaycanın indi ortaq bir düşməni var - Kreml. Rəsmi Moskva bunu çox yaxşı anlayır və qəbul etmək məcburiyyətində qalır ki, Rusiyaya qarşı nifrət o həddə çatıb ki, hətta qatı rəqiblər belə gələcək naminə birləşmək qərarına gəliblər: “Bu vəziyyət xüsusilə Rusiyanın regionda apardığı avantüraları iflasa uğradır. Kreml Ermənistanda dövlət çevrilişi etməyə çalışdı, hətta keşişləri də küçələrə çıxardı, amma nəticəsiz qaldı. Çünki ABŞ buna imkan vermədi. Vaşinqton hazırda bütün gücü ilə Paşinyan hökumətini qoruyur. Əbəs deyil ki, dünyanın ən böyük ABŞ səfirliyi məhz İrəvanda yerləşir və bu da təsadüf deyil”.
Yeri gəlmişkən, regionda baş verən son hadisələrlə bağlı Rusiya Teleqram kanallarında isterika başlayıb və bu isterika Kremldə olan əhval-ruhiyyənin göstəricisidir. Misal üçün 1 milyondan çox izləyicisi olan “Rıbar” kanalı yazıb ki, Zəngəzur dəhlizi uzaqda deyil, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzurqt onun açılmasını “geostrateji inqilab” və “Orta Dəhlizin əsas xətti” adlandırıb. “Cənubi Qafqazda regional kommunikasiyaların açılması və onların Rusiyanın nəzarətindən kənarda qalması Moskvanın bölgədəki təsir gücünü ciddi şəkildə zəiflədə, hətta sıfıra endirə bilər. Bu isə postsovet məkanında Rusiyanın ən böyük strateji məğlubiyyətlərindən birinə çevrilə bilər”, - deyə kanalda həyəcanla qeyd edib.
Bəs yuxarıdakı arqumentlərlə razılaşmaq mümkündürmü? Bakı və İrəvan “düşmənimin düşməni mənim dostumdur” deyimi ilə hərəkət edərək ABŞ-ın da dəstəyi ilə Rusiyanı bölgədən çıxarırmı?
Hüquqşünas, analitik Qulamhüseyn Əlibəylinin qəzetimizə bildirdiyinə görə, Qərb nəşrləri bu mövzuya çoxdan diqqət yetirirlər. Onun fikrincə, məqsəd Ermənistanı Rusiyanın cəngindən xilas etmək, sonra plasdarm kimi istifadə olunmasıdır: “Səbəb çox sadədir - Ermənistan yeganə ölkədir ki, Rusiyanın orada, hüquqi və faktiki təsir imkanları var. Ona görə bölgənin tamamilə Rusiyanın əlindən çıxdığını söyləmək tezdir. Amma razıyam ki, təsirləri xeyli azalıb”.
Əlibəyli hesab edir ki, Rusiya Cənubi Qafqazda bir neçə üsuldan istifadə edir: “Eyni zamanda, bir neçə ölkə vasitəsi ilə edə bilir. Məsələn, Gürcüstanla bu baş tutmayıb. Çünki onun iki muxtar respublikasını işğal edib və Tiflis Moskva ilə indi ehtiyatlı davranır. Düzdür, indiki gürcü iqtidarı ruspərəst qələmə verilir, amma münasibətlər o dərəcədə yaxın deyil ki, Rusiya Gürcüstan üzərindən regiona təsir edə bilsin. Azərbaycan isə Rusiyanın orbitindən tamamilə uzaqlaşıb və özünün müstəqil siyasəti var, bölgədə söz sahibinə çevrilib. Ona görə Azərbaycan vasitəsi ilə də Cənubi Qafqaza daxil olmaq mümkün deyil. Ona görə bircə Ermənistan vasitəsi ilə təsir elementləri qalır və bunun da müəyyən şərtləri mövcuddur. Çünki Gümrüdə hərbi bazası yerləşir və 2040-cı ilədək qalma müqaviləsi var. Onun iqtisadiyyatına təsirləri mövcuddur, dəmiryolları Rusiyanındır, hətta sərhəd mühafizə xidməti ayrı-ayrı yerlərdə onun istifadəsinə verilib. Odur ki, Rusiya Ermənistanda bu imkanlardan yararlanmağa çalışır”.
Müsahibimiz vurğulayıb ki, region ölkələrinin Rusiyada yaşayan miqrantları var, dolanışıqları bazarlardan çıxır və Moskva bu təzyiq vasitəsindən də istifadə edir, onları sıxışdırır, bir sözlə, təsir gücləri qalmaqdadır: “Lakin ABŞ və Qərb Ermənistan üzərindən Rusiyanı bölgədən sıxışdırmağa çalışır, layihələr icra olunur, hərbi təlimlər keçirilir, indi də Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyirlər. Hər halda, bu addımlar atıldıqca Rusiya daha sərt hərəkətlərə gedə bilər. Lakin Əbu-Dabi görüşü göstərdi ki, üçüncü tərəfə ehtiyac olmadan region ölkələri müzakirələr apara bilirlər”.
“Yeni Müsavat”