Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində axund 16 yaşlı qızı qaçırıb. Bu, ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Hazırda hüquq-mühafizə orqanlarının hadisəni araşdırdığı bildirilir.
Qanunvericiliklə 16 yaşlı qızla evlənən axundu hansı cəzalar gözləyə bilər?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu məsələdə Cinayət Məcəlləsi əsas normativ hüquqi akt hesab olunur:
“Dövlət qeydiyyatına alınmayan və yalnız dini kəbin əsasında qurulan münasibət, xüsusilə də tərəflərdən biri qanunvericiliklə müəyyən olunmuş nikah yaşına çatmayıbsa, bu “nikah” hüquqi baxımdan etibarsızdır. Belə hallarda tərəflər arasında cinsi əlaqənin olması cinayət tərkibli əməldir və məsuliyyət yaradır. Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmış şəxsin 16 yaşına çatmış, lakin 18 yaşına çatmamış şəxslə cinsi əlaqədə olması və ya seksual xarakterli digər hərəkətlər etməsi, əgər bu əməllər rəsmi nikah münasibətlərinə əsaslanmırsa, cinayət tərkibli əməl sayılır. Qanunvericiliyə görə, bu durumda təqsirli şəxs iki ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Ümumiyyətlə, 18 yaşına çatmayan şəxslə nikaha daxil olma cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünas bildirib ki, qanunvericilikdə nəzərdə tutulan cəza tədbiri konkret faktların təhlili əsasında müəyyən edilir:
“Məhkəmə bir neçə amilləri nəzərə alır – könüllü və razılıqla baş verməsi, fiziki və ya psixoloji məcbur etmə, təqsirləndirilən şəxsin yaş və şəraiti, əvvəlki məhkumluğu və ya nümunəvi davranışı, zərərçəkmişin vəziyyəti və ailəsinin münasibəti…Belə əməllərə görə iki ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Lakin konkret cəza məhkəmənin qərarı ilə, qeyd olunan hallar nəzərə alınmaqla müəyyən olunur”.
Ekspert əlavə edib ki, dini kəbin hüquqi cəhətdən heç bir qüvvəyə malik deyil:
“Axund qanunsuz və dövlət qeydiyyatına alınmayan nikah üzrə dini kəbin oxuyubsa, inzibati məsuliyyətə cəlb olunur. O, 30 manatdan 100 manatadək cərimə olunur. Yetkinlik yaşına çatmayan qızla kəbin bağlamış axund barədə müvafiq dövlət qurumlarına rəsmi müraciət olarsa, onun səlahiyyətlərinin ləğv edilməsi, yaxud dini fəaliyyətinə xitam verilməsi mümkündür”.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, axundların təyinatı, onların tutduqları mövqedən azad olunması və ya fəaliyyətlərinə xitam verilməsi məsələləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) səlahiyyətinə daxildir:
“Bu səbəbdən hər hansı bir məsələ ilə bağlı axundlara müdaxilə edə bilmirik”.
DQİDK isə mövzu üzrə sorğumuzu cavabsız qoyub.