Cənubi Qafqazda son dövrlərdə baş verən geosiyasi dəyişikliklər regionun gələcəyi üçün mühüm perspektivlər açır. Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımlar, xüsusilə Zəngəzur dəhlizinin açılması, yalnız iqtisadi deyil, həm də siyasi qələbə kimi qiymətləndirilir. Artıq erməni ekspertlər də belə bir inkişafı etiraf edir və bölgədə uzun müddətdir gözlənilən sülhün yaxınlaşdığını vurğulayırlar.
Erməni politoloq Aram Səfəryan iddia edib ki, Azərbaycan və Ermənistan çoxdan gözlənilən sülhə çox yaxındır. Səfəryanın dediyinə görə, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti müharibəyə yox, sülhə səs verir. Cənubi Qafqaz regionunda baş verən dinamik dəyişikliklər və onların müasir geosiyasətdəki əhəmiyyəti barədə danışan erməni politoloq düşmənçiliyə son qoymaq və dövlətlərarası münasibətlər qurmaq üçün saziş bağlamağa çox yaxın olunduğunu deyib: “Hələ də iki ölkə arasında münasibətlərin tam normallaşmasından bir qədər uzağıq, amma yaxalanan tendensiya davam edərsə və müxtəlif dünya güc və təsir mərkəzlərinin ciddi müqavimətinə rast gəlməzsə, o zaman əminliklə deyə bilərik ki, çoxdan gözlənilən sülh gələcək”. Zəngəzur dəhlizinə nəzarətə gəlincə, Səfəryan bildirib: “İranla sərhədimizin Mehri hissəsindən keçən bu beynəlxalq nəqliyyat dəhlizi, görünür, Amerikanın özəl hərbiləşdirilmiş şirkəti tərəfindən idarə olunacaq. Amerikanın bölgədə yerləşməsi regionumuzun geosiyasətində yeni, mühüm elementdir”.
Səfəryanın iddiasına görə, Ermənistan cəmiyyətinin əksəriyyəti müharibənin əleyhinədir, sülh tərəfdarıdır:
“Bu da proseslərə qarşı çıxan Ermənistan müxalifətinin əl-qolunu bağlayır. Azərbaycanla münaqişənin həlli, eləcə də Türkiyə ilə diplomatik münasibətlərin qurulması bugünkü Ermənistan müxalifətinin qarşısını ala bilmədiyi proseslərdir”.
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülh prosesində ciddi irəliləyişlərin əldə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, 8 avqust tarixində Vaşinqtonda keçirilən görüşdə tərəflər birgə bəyannamə qəbul edib və sülh mətnini paraflayıblar. Onun sözlərinə görə, erməni jurnalistlərin və siyasi ekspertlərin mövqeyindən asılı olmayaraq, sülh müqaviləsinin imzalanması istiqamətində proses önəmli şəkildə irəliləyir:
“Ermənistandakı revanşist qruplar hər hansı şəkildə sülh prosesinə mane olmağa çalışsalar, ABŞ-nin ciddi reaksiyası qaçılmaz olacaq. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda paraflanmış sənəd müharibənin rəsmi olaraq bitdiyini göstərir və Azərbaycanla Ermənistan arasında real, davamlı sabitliyin təməlinin qoyulduğunu ifadə edir. Fikrimcə, bu dəyişikliklər Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq imkanlarını açır. Xüsusilə nəqliyyat, enerji və təhlükəsizlik sahələrində tərəfdaşlığın inkişafı üçün geniş imkanlar yaranır. Bu baxımdan, Ermənistandakı siyasi gərginliyin sülh prosesinə ciddi təsir edəcəyini düşünmürəm. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sülh prosesini ləngitmək Ermənistan dövlətçiliyi üçün mənfi nəticələrə səbəb ola bilər. Əgər sülh müqaviləsi imzalanana qədər Ermənistanda hakimiyyət dəyişsə və yeni qruplar prosesi ləngitsə, ABŞ, Avropa Birliyi, Türkiyə və Azərbaycan tərəfindən ciddi təzyiqlər gözlənilir ki, bu da ölkədə siyasi xaos riskini artırır. Faktiki olaraq, sülh mətni paraflanıb və proses planlaşdırılan xətt üzrə davam edir. Bundan sonrakı mərhələdə Zəngəzur dəhlizinin, yəni “Tramp yolu”nun açılması istiqamətində nəqliyyat infrastrukturu və dəmir yolu xətlərinin qurulması üzrə işlər davam etdirilməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları da göstərir ki, Zəngəzur dəhlizinin açılması reallığı daxili auditoriya tərəfindən qəbul edilib və erməni xalqı hakimiyyətin sülh siyasətini dəstəkləyir.Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh prosesi həm regionda stabilliyin təmin olunması, həm də iqtisadi və strateji əməkdaşlığın inkişafı baxımından yeni dövrün başlanğıcını qoyur”.