Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı, eləcə də həbs olunmuş iş adamı Samvel Karapetyan və bütün ermənilərin katolikosu II Qaregini onu devirmək cəhdində ittiham edib.
Teleqraf xəbər verir ki, baş nazir onların bu cəhdinin uğursuz olacağını bildirib.
“Bu proses tarixdə “kölələrin uğursuz çevriliş cəhdi” kimi qalacaq”, - Paşinyan sosial media hesabında yazıb.
Ermənistan hökumətinin başçısı “kölə” vurğusu ilə sözügedən şəxslərin başqa ölkənin (Rusiya) maraqlarına xidmət etməsinə eyham vurub.
Paşinyan bir başqa paylaşımında II Qaregini əxlaqsızlıqda ittiham edib:
“Ktriç Nersisyan (II Qareginin əs adı – red.), bir neçə əxlaqsız “din adamı”nın ümidinə qalmısınız? Nəinki öz, hətta sizin ailənizi də murdarlayan “Keşiş Zareh” və əxlaqsızlığı ifşa olunmuş Samvel Xaçaturyan adlı şəxslər niyə bu günə qədər Kilsə Şurasından kənarlaşdırılmayıb? Hər kəs bu barədə bilir. Bu barədə şəxsən siz özünüz də bilirsiniz”.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.