ABŞ Venesueladakı hərbi bazalara zərbə endirməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə planlarla tanış olan mənbə “Nyu York Post”a məlumat verib.
Bildirilib ki, əməliyyatın məqsədi Venesuela Prezidenti Nikolas Maduronun “Kartel de los Soles” komandanlıq strukturunu dağıtmaq və Maduro rejiminin narkotik ticarəti fəaliyyətlərini qoruyan hərbi obyektləri məhv etməkdir.
Başqa mənbələr isə qeyd edir ki, əvvəl bölgəyə endirilən zərbələr narkotik qaçaqmalçılarının özlərini hədəf alsa da, gələcək quru hücumları kartelin strukturu və rəhbərliyini məhv etməyi hədəfləyir.
Nəşrdə əlavə olaraq vurğulanıb ki, zərbələr istənilən vaxt baş verə bilər. Lakin Vaşinqtonda səlahiyyətli şəxslərinin az olduğu müddətdə ABŞ-ın belə bir əməliyyat keçirməsi ehtimalı azdır. Çünki Tramp cümə səhəri Ağ Evdən Florida ştatına gedib. Müdafiə naziri Pit Heqset və Hərbi Hava Qüvvələrinin Birgə Qərargah rəisi general Den Keyn isə rəsmi səfərdədir.
Qeyd edək ki, Venesuelanın ABŞ-ın hərbi təzyiqlərinə cavab olaraq Rusiya, Çin və İrandan yardım istədiyi də iddia edilib.




















