Naxçıvanlı və türkiyəli TIR sürücülərinin İrandakı gözlədilmə məntəqəsindəki şəraitsizliyi ictimailəşdikdən sonra bəzi dəyişikliklər həyata keçirilib. Buradakı yeməkxana və tualetə əl gəzdirilərək, işlək hala salınıb, toz-torpağın aradan qaldırılması üçün bəzi tədbirlər görülüb. Lakin, avtomobillərin süni şəkildə gözlədilməsinin vaxtı uzadılıb.
Əvvəl hər avtomobil Biləsuvar gömrüyündən Azərbaycana keçmək üçün 2-3 gün gözləməyə məcbur edilirdisə, indi bu müddət 4-5 günə qaldırılıb. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup sürücü məlumat verib.
Azərbaycanla Ermənistan arasında sülh bəyannaməsinin imzalanmasından sonra İran tərəfinin
naxçıvanlı və türkiyəli yük sürücülərinə qarşı münasibəti kəskinləşib. Sürücülər uzun müddət çöllük ərazidə gözlədikdən sonra Azərbaycana buraxırlar. Sürücülər bir neçə gün öncə „Gündəlik Naxçıvan“a bildirmişdilər ki, toz-torpaq içində olan bu gözlədilmə məntəqəsində yaşayış üçün şərait yoxdur. Rəsmilər onlara bildirmişdilər ki, bu münasibət xoşlarına gəlmirsə, „Tramp marşurutu“nun açılmasını gözləsinlər.
Sürücülər bildirirlər ki, məsələ ictimailəşdikdən sonra bəzi düzəlişlər edilib:
“Gördülər ki, Azərbaycan vətəndaşları bizə olan münasibətə necə necə kəskin reaksiya verirlər. Yüngülvar əl gəzdirib, tez öz televiziyalarından çəkiliş göndərdilər. Gəlib, özlərinə sərf edən görüntüləri çəkib, getdilər. İndi yeməkxana işləyir, ancaq çox bahadır. 2-3 qat qiymətinə. Bundan əlavə, gömrük boş olmasına baxmayaraq, bizim gözlədilmə müddətimiz də artırılıb. Əslində, bu gözlədilməyə heç, ehtiyac yoxdur. Qəsdən edirlər. Məqsədləri Naxçıvanı blokadadan çıxmağa qoymamaqdır. Bizə əziyyət verməklə də sülh bəyyannaməsinin acığını çıxırlar.”