Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının çıxarılmasının mümkünlüyü məsələsi Gümrü sakinləri arasında müzakirə obyektinə çevrilib. Rəsmi qərar olmasa da, sakinlər narahatlıq içindədir.
“Hraparak” nəşri bu xüsusda yazıb ki, onilliklər ərzində hərbi baza şəhər üçün təkcə strateji deyil, həm də sosial-iqtisadi mərkəz olub. Mümkün geri çəkilmə halında yüzlərlə ailənin gəliri, eləcə də ərazinin gələcəkdə istifadəsi sual altına düşəcək.
O sırada Şirak bölgəsindən deputat Mher Melkonyana görə, bazanın çıxarılması ilə bağlı fikirlər, sadəcə, şayiədir və hökumət buna nail olmayacaq. Onun sözlərinə görə, “hökumətin əsas müttəfiqləri Türkiyə və Azərbaycandır və bizim əsas müttəfiqlərimiz olan Rusiya və İranla münasibətlər artıq əvvəlki kimi olmasa da, yenə də heç nəyə nail ola bilməyəcəklər”.
Gümrüdən olan rəssam Artur Gevorqyan isə bildirib ki, baza çıxarılsa, ilk növbədə çoxları ciddi sosial problemlə üzləşəcək. Onun fikrincə, Rusiyanın Ermənistanda olması çəkindirici amildir: “Ermənistan iki əsas əks qütbə malik olan ölkədir: bir tərəfdən Rusiya, digər tərəfdən Qərb. Amma bu üçüncü qütbün Türkiyə faktorunu da unutmayaq. Sabitliyin qorunması baxımından son dərəcə vacibdir”.
Gümrülü müxalifətçi Karapet Poqosyan isə qeyd edib ki, daxili və xarici təhlükəsizliyi müstəqil şəkildə təmin edə bilmək vacibdir: “Lakin başa düşmək olar ki, hazırkı rəhbərliyin dövründə Ermənistan indiyə qədər onun üçün ayrılmış sərhədləri belə təmin etmək iqtidarında deyil və ya buna həvəsi yoxdur. Ona görə də Rusiyanın sərhədlərini necə mühafizə edəcəklərini başa düşmək vacibdir. NATO qoşunlarını, yəni türk kontingentini yerləşdirmək?
Hələ 2024-cü ilin payızında biz Şirak əyalətinin Meqraşatdan Aniavana qədər həmsərhəd yaşayış məntəqələrində bu məsələ ilə bağlı sorğular apardıq. Mənzərə dəhşətli idi, cavablar əsasən çox kəskin idi: “Biz hamımız gedəcəyik, necə ki, "artsax xalqı" getdi".
Gümrü siyasi fəalı Mher Xaçatryan da əmindir: “Hesab edirəm ki, tarix təkrarlanacaq. Onlar xalqı sakitləşdirmək, hər şeyin nəzarət altında olduğuna inandırmaq üçün başımızın altına yumşaq yastıq qoymağa çalışacaqlar”.
Rusiyanın sözügedən hərbi bazası 2044-cü ilə qədər Gümrüdə yerləşməlidir. Bu, imzalanan müqaviləyə əsaslanır. Onun vaxtından tez çıxması mümkündürmü? Yeri gəlmişkən, Rusiyanın son vaxtlar 102-ci bazaya əlavə qüvvələr göndərdiyi haqda məlumatlar yayılıb.
“Rusiya Cənubi Qafqaz ölkələrinə qarşı hərbi-siyasi təzyiqləri artırmaq məqsədilə Ermənistandakı Gümrü hərbi bazasının gücləndirilməsi prosesini sürətləndirib”, - Ukrayna Hərbi Kəşfiyyatı belə məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, bu addımlar Kremlin qlobal təhlükəsizliyə qarşı yönəlmiş strategiyasının bir hissəsidir: “Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırmaqla yanaşı, Qafqazda millətlərarası qarşıdurmanı qızışdırmağa çalışır. Eyni zamanda Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi də bu ssenarinin bir hissəsi ola bilər”.
Professor Qabil Hüseynlinin "Yeni Müsavat"a bildirdiyinə görə, Ermənistanda panikanı yayanlar anti-Paşinyan qüvvələrdir. Onun fikrincə, bu mərkəzlərin hədəfi hökumət başçısının “milli maraqlara xəyanət etdiyi” haqda təsəvvür formalaşdırmaqdır.
Q.Hüseynli hesab edir ki, bütün hallarda baş nazir Paşinyan ölkəsini izolyasiya vəziyyətindən çıxarmağa və ictimai şüuru dəyişməyə hazırlaşır: “Ona görə də belə informativ həmlələr güclənəcək. Bu dairələr elə rəy yaradırlar ki, guya Rusiya olmasa, Ermənistan batar, təhlükəsizliyi əldən gedir, türklərin əlində siyasi-iqtisadi girova çevrilər. Halbuki Ermənistanın nicatı elə Türkiyə və Azərbaycandır. Əgər Rusiyanın təbəəliyindən qurtulmaq niyyəti varsa, bizimlə yaxınlaşmaq lazımdır. Bu halda sərhədlər açılacaq, ticarət dövriyyəsi artacaq, ermənilərin rifah səviyyəsi yüksələcək, Rusiyadan asılılıq artacaq. Bu da elə region və Ermənistan üçün təhlükəsizlik qarantiyası deməkdir”.
Professorun sözlərinə görə, madam ki, bölgədə nəqliyyat kommunikasiyaları hərəkətdədir, yükdaşımaları var, ticarət artır, o yerdə mütləq sabitlik, təhlükəsizlik dayanıqlı olmalıdır: “Bu da Ermənistan üçün elə 102-ci hərbi bazanın yerinə təhlükəsizliyin təminatı deməkdir. Yəni bu ölkənin rus əsgərinin onu mühafizə etməsinə ehtiyacı qalmayacaq. Axı kimi kimdən qoruyacaqsan?!”
Q.Hüseynli Gümrüdəki hərbi bazanın tezliklə evakuasiyasını gözləmir, lakin prosesin bu istiqamətdə inkişafını müşahidə edir: “Zənnimcə, Paşinyan 2026-cı il seçkilərindən salamat çıxmağı bacarsa, ABŞ və Avropa Birliyinin dəstəyi ilə bu yöndə addımlarını sürətləndirəcək. Rusiyanın isə həmin dönəmə qədər Ukrayna cəbhəsində daha çox "qan itirməsi" və taqətdən düşməsi lazımdır. Moskva strateji mövqeləri o dərəcədə əldən verməlidir ki, hətta vassal kimi gördüyü Ermənistana müqavimət gücü qalmasın. Heç şübhəsiz, burada Qərbin verəcəyi dəstəyin təsiri çox vacibdir. Ancaq hər halda, Paşinyan ölkəsində başqa dövlətin hərbi varlığına qarşıdır. Bunu daha əvvəl açıq bəyan edib. Deyib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkənin suverenliyinə təhdid sayılır. Sadəcə, radikal addımlar atmağa gücü çatmır və mərhələli şəkildə Gümrüyə yaxınlaşmaq istəyir".
Onun xatırlatmasına görə, hələlik Zvartnots aeroportundan rus sərhədçiləri çıxarmaq mümkün olub: “Bunun davamı kimi İran və Türkiyə sərhədindən onları çıxarmaq olacaq. Yekun isə hərbi bazanın getməsidir. Buna isə Paşinyanın hakimiyyətinin ömrünün uzanması lazımdır. Hazırda Gümrüdə bu panika normaldır. Nəzərə alaq ki, son bələdiyyə seçkilərində Gümrüdə kommunistlər qalib gəlib. Bu da təsir gücünü nümayiş etdirir”.
Ən nəhayət, politoloqun qənaətinə görə, Gümrüdə türk hərbi kontingentinin yerləşməsi inandırıcı deyil: “Söhbət NATO ordusundan və ermənilərin düşmən saydığı ölkədən gedir. Sadəcə, dediyim kimi, Türkiyə və Azərbaycanla normallaşma özü Ermənistan üçün təhlükəsizlik qarantiyasıdır və 102-ci bazaya zərurət qalmır”.