Tanışlarını Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə aldatmaqda ittiham olunan 42 yaşlı Kənan həbs edilib.
Musavat.com xəbər verir ki, Kənana qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Açılan cinayət işi üzrə 10 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Onlardan 8 nəfəri Fövqəladə Hallar Nazirliyində sürücü, yanğınsöndürən kimi işə düzəlmək üçün pul veriblər.
Kənan həmin şəxslərdən 5000-20 000 civarında ümumilikdə 80 min manat pul alıb.
Başqa bir nəfərdən isə qızını Şəki rayonu, Orta Zəyzid kənd orta məktəbinə müəllim kimi işə düzəltmək adı ilə 5000 manat alıb. Sonuncu zərərçəkmişdən 21 800 manat alınıb. Həmin məbləğ qarşılığında zərərçəkmiş şəxsə Şəki rayonu, Çayqaraqoyunlu kəndində boruların yararsız olması barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən razılıq məktubu almasına köməklik edəcəkmiş.
Elan edilmiş ittihamla özünü təqsirli bilən Kənan geniş ifadə vermək istəməyib. Deyib ki, zərərçəkmiş şəxslərin bəzilərinin pulunu tam olaraq geri qaytarıb. O, digər şəxslərə dəymiş zərərin ödənmədiyini də etiraf edib.
Məhkəmədə ifadə verən zərərçəkmişlərin dediklərindən məlum olub ki, onlar Kənanı ortaq tanışları vasitəsi ilə tanıyıblar. Kənan FHN-də vəzifəli tanışlarının olduğunu, bu işləri onlar vasitəsi ilə həll edəcəyini vəd edib.
Bu cinayət işi açılana qədər Kənan Yasamal rayon Məhkəməsinin hökmü ilə dələduzluqda ittiham olunaraq həbs edilibmiş. Həmin işdə də Kənan dələduzluqda ittiham olunaraq 2 il həbs cəzası almışdı.
Kənan həbs ediləndən sonra onun daha bir neçə cinayət işi üzə çıxıb. Bu iş üzrə isə Kənana 3 il 6 ay həbs cəzası təyin edilib. İki hökmə əsasən, Kənana 4 il 6 ay cəza təyin edilib.