Əsas Səhifə > Üst manşet / Güney Press > Təzə başçı gələndə camaat düşündü ki...

Təzə başçı gələndə camaat düşündü ki...


Bu gün, 06:24

İllərdir baxımsız vəziyyətdə olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Ana-bala” adlanan park ötən ilin sonu təmir məqsədilə hasarlanıb. Lakin 5 aya yaxın vaxt keçməsinə baxmayaraq parkda hələ də heç bir iş görülməyib.

Bu barədə Tribuna.az-a Yeni Günəşli sakinləri məlumat veriblər. Sakinlər bildirib ki, uzun illərdir bərbad vəziyyətdə olan parkda sonradan aparılan tikililər 2025-ci ilin noyabrında sökülməyə başlayıb. Söküntü ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən saytlara verilən açıqlamada bildirilmişdi ki, sözügedən ərazidə park salınacaq və aparılan söküntü işləri də onunla əlaqədardır.

Sakinlər bildirir ki, Adil Əliyev Suraxanıya icra başçısı təyin ediləndən sonda hesab ediblər ki, yəqin “Ana-bala” parkının da bəxti açılıb və tezliklə ərazidə yeni park olacaq. Lakin sakinlərin gözləntisi özünü doğrultmayıb.

Sakinlər bildirib ki, noyabrdan hasarlanmış parkda indiyə qədər heç bir iş görülməyib:

“4 aydır bir dəfə də orada iş aparıldığını görmədik. Yarımçıq qalan tikililəri söküb getdilər. Məlumat da yaydılar ki, guya park salınır. Heç nə etmirlər. Bəlkə də zəbt ediblər, ya da artıq satıblar oranı. Sakinlər duyuq düşməsin deyə hələ işi ləngidirlər. Adil Əliyev icra başçısı təyin edildikdən sonra rayonda xeyli işlər görüləcəyinə ümid edirdik. Ancaq bu neçə il ərzində Suraxanıda bir dənə də iş görülmədi”.

Sakinlər bununla bağlı icra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini də bildiriblər. Lakin İH nə sakinlərin müraciətinə baxıb, nə də şikayətini dinləyib.

Məsələ ilə bağlı Suraxanı İH-lə biz də əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.



Geri qayıt