Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır"
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır"Bu gün, 10:37 |
|
Naxçıvan Hava Limanında texniki heyət və operatorların baqaj daşınma işinə məcbur edilməsi bu strateji obyektin təhlükəsizliyinə risk yaradır. Bunu “Gündəlik Naxçıvan”a danışan bir qrup hava limanı əməkdaşı bildirib.
Onların iddiasına görə, aeroport rəhbərliyi maaşları mənimsəmək üçün saxtakarlığa yol verdiyindən, baqaj bölməsində işçi çatışmazlığı yaranıb. Bu çatışmazlıq isə operatorlarla yanaşı, sanitar, aerodrom və digər texniki sahələrin işçiləri hesabına kompensasiya olunur.
Operatorlardan B.M. deyir ki, onlar fiziki işlərə məcbur edildikləri üçün cavabdeh olduqları vacib sahələr nəzarətsiz qalır:
“Naxçıvan aeroportuna dron hücumundan sonra təhlükəsizlik məsələləri ön plana çəkilməlidir. Bunlar isə bu işləri görənləri baqaj yükləməyə göndərirlər, yerlər boş qalır. Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır. Pul mənimsəmək üçün hər şeyə gedirlər.
Biz operatoruq, bizim işimiz sistemləri idarə etmək və iş prosesinə nəzarət etməkdir. Təhlükəsizliklə bağlı məsələlər də var, amma bizi aparıb fiziki işlərə cəlb edirlər, baqaj daşıtdırırlar.
Çünki baqaj işçilərinin yerinə saxta adlar yazıb, maaşlarını ciblərinə qoyurlar. Onların sayı əslində 17 nəfər olmalıdır, 9-a endiriblər. Bu doqquz nəfərin də yarıdan çoxu karqoda işlədilir. Halbuki karqonun öz fəhlələri olmalıdır. Şikayət edəndə isə işdən çıxarmaqla hədələyirlər.”
Aerodrom işçiləri isə bildirirlər ki, gün ərzində baqaj daşımağa məcbur edildikləri üçün enmə-qalxma zolağına lazımi nəzarəti həyata keçirə bilmirlər:
“Bizim vəzifəmiz enmə-qalxma ərazisinə nəzarət etmək, kənar əşyaların düşməməsinə baxmaqdır. İnanın ki, o qədər yük daşıdırlar ki, bunu etməyə vaxt olmur.
Elə gün olur ki, ümumiyyətlə yoxlanmır. Təsəvvür edin ki, belə bir vəziyyətdə zolağa hansısa yolla qəzaya səbəb ola biləcək təhlükəli bir şey düşüb.
Tək biz deyilik, təyyarənin nasazlığına cavabdeh olan çilingərlər də baqaj işinə məcbur edilirlər. Yanğınsöndürənlər, sanitarlar və digər texniki işçilər də həmçinin.
Bizə deyirlər ki, guya maliyyəyə qənaət etmək üçün baqaja işçi götürmürlər. Maliyyə çatışmazlığı təhlükəsizlik hesabına kompensasiya olunur.”
Əməkdaşlar aidiyyəti qurumlara müraciət edərək haqlarının bərpa olunmasını və aeroportun təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.
Geri qayıt |