Əsas Səhifə > Manşet / Cəmiyyət > SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik”

SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik”


Bu gün, 15:15

“Kapital Bank”ın əməkdaşlarının müştəri ilə danışığı zamanı səsləndirdiyi iddialar vətəndaşın narazılığına səbəb olub.

Kommersant.az xəbər verir ki, sözügedən bankdan 7.000 AZN kredit götürən müharibə iştirakçısı, hərbçi aylıq ödənişlərini vaxtında etsə də, sonuncu ayda kredit borcunu 1 ay gecikdirib. Borcunun 95 faizini ödəyən vətəndaşa bank tərəfindən zəng edilərək hədə-qorxu gəlinib. Bu barədə bankın müştərisi saytımıza açıqlamasında qeyd edib.

Vətəndaş, hərbi qulluqçu R.H-nın sözlərinə görə bankın *1000 telefon nömrəsindən Şamil adlı bank əməkdaşı zəng edərək “Borcunuz olan 430 manat 38 gündür gecikir. Borcunuzu 28.04.2026 tarixinədək ödəməlisiniz” xəbərdarlığı edib. Hərbçi isə maaşını 05.05 tarixində alacağını və o tarixdə bütün borcu bağlayacağını bildirsə də, bank əməkdaşı vətəndaşla razılaşmayıb.

Bankın əməkdaşı telefon zəngini bitirməzdən öncə “Siz hərbçisiniz? Böyük ehtimal ki, nazirliyinizin kadrlar şöbəsinə sizin haqqınızda rəsmi xəbərdarlıq məktubu ünvanlanacaq və tarixçənizə də stop qoyulacaq” deyərək dəstəyi asıb.

Şikayətçi həmçinin bildirib ki, bu zəngdən bir neçə gün əvvəl eyni bankın Aytən adlı xanım əməkdaşı mənə zəng edərək, “telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” deyə hədə-qorxu gəlib. Amma “mənim zaminim yoxdur və qohumlarımın nömrəsini banka təqdim etməmişəm” deyə şikayətçi əlavə edib.

Qeyd edək ki, “Kapital Bank”ın ictimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva zənglərimizə cavab vermədiyi üçün bankın mövqeyini dərc etmək mümkün olmayıb.

Bankla müştəri arasında olan telefon danışıqları səs yazısı olaraq qeydə alınıb və 2-ci yazıda səs yazıları video formatda yayımlanacaq. Əgər sizə də bank tərəfindən bu kimi zənglər gəlibsə, saytımıza müraciət edə bilərsiniz.


Geri qayıt