Əsas Səhifə > Manşet / Cəmiyyət > Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI...
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI...Bu gün, 15:33 |
|
"3 il bundan əvvəl Beynəlxalq Əmək Təşkilatı, Walk Free Fondu və Beynəlxalq Miqrasiya təşkilatı maraqlı bir hesabat hazırlamışdı. Hesabatda qlobal miqyasda “Müasir köləliy”in səviyyəsi ölçülür və Azərbaycan qul əməyi sahədə Avropa və Mərkəzi Asiya ölkələri arasında ilk ona düşmüşdü. Hesabatda bildirilirdi ki, ölkəmizdə hər min nəfərdən 10.6-sı “müasir kölə” imiş. Üstəlik, bu sahədə Ermənistanı və Gürcüstanı geridə buraxaraq Cənubi Qafqaz ölkələri arasında ilk yeri tutmuşdu..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "O zaman Azərbaycan Milli Məclisinin deputatlarından tutmuş Az. TV jurnalistlərinə qədər səsi gələn-gəlməyən hər kəs daş atıb başını tuturdu ki, bu göstəricilər yalandır və beynəlxalq təşkilatlar bizə qarşı qəsdi-qərəzliyə yol veriblər.
O vaxt da belə düşünmüşdüm ki, nə yaxşı ki, beynəlxalq təşkilatlar Naxçıvan iməcliklərini hesabata qatmayıblar. Yoxsa biz yəqin ki, qul əməyi indeksinə görə bütün dünyanı geridə buraxardıq. Yəni, dönüb olardıq dünya çempionu.
Həmin hesabatın yayılmasının üzərindən 3 il keçir. Naxçıvan isə hələ də məcburi iməcliklərdən yaxasını qurtara bilməyib. Bu gün belə, yol kənarları ətrafındakı ərazilər dövlət təşkilatları arasında bölünür və işçilər məcburən iməcliyə çıxarılırlar.
Sizə təqdim etdiyim video və fotolar Naxçıvandan müasir qul əməyi sayılan iməcliklərdən çəkilib.
Naxçıvan sakinlərindən aldığım məlumata görə, dünən müxtəlif dövlət orqanlarında çalışan əməkdaşlara sabah səhər saat 09:00-da “Ümumrespublika iməciliyi” adı altında fiziki işlərə çıxmaq tapşırılıb.
Bildirildiyinə görə, bu göstəriş rəsmi sənəd və ya açıq elan formasında deyil, şifahi şəkildə verilib. Bildirilir ki, ayrı-ayrı idarələrə Naxçıvan Ali Məclisindən zəng olunaraq əməkdaşların səhər saatlarında əvvəllər onlara təhkim edilmiş yaşıllıq zolaqlarında işləməsi tələb edilib.
Mənbələrin verdiyi məlumata görə, proses könüllülük prinsipi əsasında deyil, inzibati təzyiq yolu ilə həyata keçirilir. Belə ki, iməciliyə getmək istəməyən və ya bundan boyun qaçırmağa çalışan şəxslər işdən azad olunmaqla hədələnib.
Bu iddialar doğru olarsa, ortaya son dərəcə ciddi suallar çıxır. Dövlət qurumlarında çalışan şəxslərin birbaşa xidməti vəzifələrindən kənarlaşdırılaraq məcburi fiziki işlərə cəlb olunması nə əmək hüquqlarına, nə insan ləyaqətinə, nə də müasir idarəçilik prinsiplərinə uyğun görünür. Bu mənzərə daha çox könüllü ictimai təşəbbüsü deyil, inzibati asılılıq və qorxu mühitində təşkil olunan məcburi əmək formasını xatırladır.
Xüsusilə diqqət çəkən məqamlardan biri də budur ki, belə tədbirlərə “ümumrespublika iməciliyi” adı verilməsi mahiyyəti dəyişmir. Ad nə qədər ümumi və rəsmi səslənsə də, əgər ortada seçim azadlığı yoxdursa, əgər insanlar iştirak etmədikləri halda cəzalandırılmaq təhlükəsi ilə üz-üzə qalırsa, bu artıq sadə iməcilik deyil, hüquqi və mənəvi baxımdan ciddi mübahisə doğuran bir haldır.
Cəmiyyətdə də bu cür yanaşmalara qarşı yorğunluq və narazılıq hissi açıq şəkildə sezilir. İnsanlar haqlı olaraq soruşurlar: dövlət qulluqçusu və ya büdcə təşkilatının əməkdaşı öz peşə fəaliyyətini yerinə yetirməlidir, yoxsa vaxtaşırı inzibati göstərişlərlə fiziki işlərə göndərilməlidir?
Məsələ ilə bağlı səslənən iddiaların rəsmi şəkildə aydınlaşdırılmasına ehtiyac var. Əgər deyilənlər həqiqəti əks etdirirsə, bu, təkcə idarəetmə mədəniyyəti baxımından deyil, həm də əmək hüquqları və vətəndaş ləyaqəti baxımından ciddi narahatlıq doğurur.
Qısası, yaz gəldi-gəlmədi, Naxçıvan Muxtar Dərəbəyliyində qul əməyi – iməclik mövsümü başladı. Bu gedişlə, biz nəinki Ermənistan və Gürcüstanı, hətta qədim Romanı belə geridə buraxaraq ən yüksək nəticə əldə edəcəyik..."
Geri qayıt |