Əsas Səhifə > Manşet / Ölkə > Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU...

Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU...


Bu gün, 10:56

"​2020-ci ilin oktyabrı... Gəncənin dinc sakinləri gecə yarı yuxuda ikən raket atəşinə tutuldu. O müdhiş gecədən sağ çıxanlar dövlətin şəfqətinə və ədalətinə sığınaraq yaralarını sarımağa çalışdılar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
O dah asonra bildirir: "Lakin bu gün, hadisədən illər keçməsinə baxmayaraq, həmin sakinlər üçün yeni və daha ağrılı bir dövr başlayıb: Məmur Laqeydliyi və Bürokratik Süründürməçilik.
​Sənədsiz Evlər, "Görünməyən" Layihələr
​Dövlət tərəfindən bərpa edilən evlər vətəndaşın mülkiyyət hüququnu tam təmin etmir. Şəhərsalma və Arxitektura İdarəsi, habelə Əmlak Məsələləri Dövlət Xidməti (Əmlak Komitəsi) sanki bir-biri ilə "məsuliyyət ötürmə" oyunu oynayır.
​İnsanların 2020-ci ilə qədər sənədi, çıxarışı olan evləri indi sənədsiz "gecəqondu" statusuna düşürülüb. Çıxarış (kupça) verilmir, layihə sənədlərində qiymətləndirmə yoxdur.
​ Vətəndaş öz evini sata, dəyişdirə və ya miras qoya bilmir. Öz halal mülkündə sənədsiz və hüquqsuz vəziyyətə salınıb.
Gəncə şəhər ​İcra Hakimiyyəti Kimin Tərəfindədir?
​Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərə "bu bizə aid deyil" cavabını verməklə faktiki olaraq vətəndaşdan üz döndərib. Müraciət edən şəxslərə qarşı göstərilən kobud rəftar, idarələrdən qovulma halları və təzyiqlər dövlət məmurunun etik davranış qaydalarının birbaşa tapdalanmasıdır.
​Məsələ yalnız sənəd deyil. Tikilən evlərin keyfiyyəti hər yağışda vətəndaşın başına uçur. Evləri su basması, tikinti standartlarına riayət edilməməsi terrorun dağıtdığı ocaqların yerində sanki müvəqqəti "daxmaların" ucaldıldığını göstərir.
​Məmurların öz bacarıqsızlıqlarını və qanunsuzluqlarını gizlətmək üçün cənab Prezidentin adından istifadə etməsi ən yüksək səviyyədə siyasi məsuliyyətsizlikdir. Ölkə başçısının "Mən hər bir vətəndaşın yanındayam" dediyi bir ölkədə, Gəncəli məmurların "Prezident deyib məsələ bitdi" deyərək vətəndaşın haqqını yeməsi dövlətin təməllərinə zərbədir.
​ Şəhərsalma və Arxitektura İdarəsi niyə layihələri gizlədir? Əmlak Komitəsi sənəd verməməklə kimi müdafiə edir? Terror qurbanlarının haqqını yeyən bu bürokratik zəncir nə vaxt qırılacaq?"

Geri qayıt