Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Şərurda sahibkarın HAQQI YEYİLİR...

Şərurda sahibkarın HAQQI YEYİLİR...


Bu gün, 14:23

"Mən Samur Akif oğlu Məmmədov Naxçıvan MR, Şərur rayonu, Qarahəsənli kənd sakiniyəm, uzun müddət Şərur Ticarət Mərkəzində dərzi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Eyni zamanda Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsinin iştirakçısıyam..." Bu barədə "DİA-AZ"a daxil olan müraciətdə deyilir.

Narazı vətəndaş daha sonra bildirir: "22 oktyabr 2023-cü il tarixində Şərur Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində mənə məxsus bütün tikiş avadanlıqları və materiallar yanaraq yararsız hala düşmüş, ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində maddi zərər dəymişdir.

Qeyd edirəm ki, baş vermiş yanğın ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması və nəzarətsizlik səbəbindən baş vermişdir.

Yanğından sonra ticarət mərkəzi yenidən inşa edilmiş, əvvəl bir mərtəbəli olan bazar iki mərtəbəli şəkildə tikilərək fəaliyyətə başlamışdır. Lakin digər sahibkarlar ticarət yerləri ilə təmin olunduqları halda, mənə verilmiş vədlər yerinə yetirilməmiş və mən bu prosesdən kənarda saxlanılmışam.

Bundan əlavə, hüquqlarımı müdafiə etmək məqsədilə etdiyim şikayətlərdən sonra mənə qarşı qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunmuş, həmin bazarda icarə əsasında fəaliyyət göstərməyimə imkan verilməmişdir.

Hadisə ilə bağlı rəsmi şəkildə zərərçəkmiş kimi tanınmışam və bütün sübutlar istintaqa təqdim olunmuşdur.

Lakin bu günədək mənə dəymiş maddi zərər ödənilməmişdir.

Bununla yanaşı, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarına, o cümlədən Şərur Rayon Prokurorluğuna, Şərur Rayon Məhkəməsinə və Naxçıvan üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə dəfələrlə müraciət etmişəm. Lakin müraciətlərimə baxılmamış və ya formal yanaşılmış, nəticə etibarilə problemim bu günə qədər həll olunmamışdır.

Nəticədə artıq 3 (üç) ildir ki, fəaliyyət imkanından məhrum olaraq işsiz qalmışam.

Bu hal mənim hüquqlarımın pozulmasına və sosial vəziyyətimin ağırlaşmasına səbəb olmuşdur..."


Geri qayıt