Əsas Səhifə > Manşet / Güney Press / Ölkə > Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır?

Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır?


Bu gün, 13:15

"Həsən Ağasoy... Əminəm ki, bu ad sizə qətiyyən yad gəlmədi. Heydər Əliyev tərəfindən “kəşf edilən” və Azərbaycan Respublikasının xalq artisti adına layiq görülən bu mümtaz şəxsiyyət hələ də Prezident təqaüdü üzünə həsrət qalıb. Halbuki onun əlindən su içən, hətta mədəniyyətdən bixəbər olan bir çoxları çoxdan bu adı qazanmaq şərəfinə erişib. Həsən Ağasoy isə ömrünün 47 ilini teatra həsr etsə də hələ də Prezident təqaüdü ala bilmir. Bilirsinizmi, niyə? Çünki o, 1979-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsini bitirərək təyinatla Naxçıvan Dram Teatrına aktyorluq vəzifəsinə göndərilmiş və üzərindən uzun illər keçsə belə, o vəzifədən bir addım belə irəliyə gedə bilməmişdir. Səbəb qabiliyyətsizliyidirmi? Əlbəttə, yox. Hər halda, Heydər Əliyev onda aktyorluq məharəti hiss etməsəydi, Həsən bəyə xalq artisti adını verməzdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra belə davam edir: "Bəlkə, Həsən bəyin savadı digər prezident təqaüdçülərindən əskikdir? Təbii ki, yox. Həsən bəy tələbəlik illərində Hüseyn Cavidin qızı Turan xanımın, Azərbaycan Xalq artisti Rza Təhmasibin ən sevimli tələbələrindən olub. Necə deyərlər, onlardan feyz ala-ala ovuclarında böyüyüb. Amma görünür, Sovet hakimiyyəti illərində Hüseyn Cavid bulağından su içənlərin hamısı kimi Həsən Ağasoy da ayrıseçkilik repressiyasına məruz qalıb.
Olmaya, Həsən Ağasoyu gənc aktyor hesab edir və onun layiqincə mükafatlandırılmasını sonrakı illərə saxlayırsınız? Qeyd edim ki, Həsən bəyin 70-ə yaxın yaşı var və şəkər xəstəliyindən əziyyət çəkir. Allah ona uzun ömür, can sağlığı versin. Amma 70 yaşında olan bir adamı da sonraya saxlayırsınızsa, mənim yadıma Cabir Novruzun məşhur misraları düşür:
“Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara”.
Bəlkə Həsən bəy Vasif xan zülmünə qarşı aktiv mübarizə apardığı üçün indi də onun Bakıdakı qulbeçələri tərəfindən cəzalandırılır? Bunu da bilmirəm. Bircə onu bilirəm ki, Həsən bəy sözün bütün mənalarında aktyorluq sahəsində ən böyük mükafatlara layiqdir.
Mən Azərbaycan Mədəniyyət Nazirliyindən gözləyirəm ki, Naxçıvanda əyalət “toz-torpağının” içərisində getdikcə “parıltısını” itirən bu sənətkarın istedadını görəcək və onun da zəhmətini dəyərləndirəcək. Əks halda bu, Naxçıvana bəslənənən ögey münasibətin ən bariz örnəyi kimi Azərbaycanın mədəniyyət tarixinə düşəcək.
Bir daha mən Azərbaycan Mədəniyyət Nazirliyinin başbilənlərinə məşhur bir aforizmi xatırlatmaq istəyirəm. Siz nə qədər qızılın üzərini palçıqla yamasanız belə, bir gün yağış yağacaq, bu qızılın üzərində toz-torpağı yuyub aparacaq və Həsən Ağasoyun qızıldan qiymətli mahiyyəti, sizin isə çirkin simanız üzə çıxacaq. Və bu gün etdiklərinizdən özünüz utanacaqsınız..."

Geri qayıt