Əsas Səhifə > Manşet / Ölkə > "Məhkəmə sədri Gülnar Səfərəliyevaya vəkilinin vasitəsilə 20 min manat rüşvət verib..."

"Məhkəmə sədri Gülnar Səfərəliyevaya vəkilinin vasitəsilə 20 min manat rüşvət verib..."


7-04-2026, 10:47

NDU vəzifəlisi Abbas Əhmədovun etirazçı müəllim Aysel Quliyevaya qarşı şikayəti yenidən rədd edilib. O, şərəf və ləyaqətinin alçaldılması ilə bağlı eyni məzmunlu iddia ərizəsi ilə bundan əvvəl iki dəfə məhkəməni uduzub.
Hakim Aslan Heydərov da məzmunun eyni olduğunu əsas gətirərək bu şikayəti qəbul etməkdən imtina edib.
Bu barədə “Gündəlik Naxçıvan”a işə baxılan Naxçıvan şəhər Məhkəməsindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, bu qərardan sonra Abbas Əhmədov 20 min manat rüşvət verdiyi iddia olunan məhkəmə sədri Gülnar Səfərəliyevadan həmin məbləği geri tələb edib:
“Universitet Abbas müəllimə şərt qoyub ki, ya tələbələri müdafiə edən Aysel Quliyeva məhkəmədə cəzalandırılacaq, ya da o, işdən çıxarılacaq. O da nəyin bahasına olursa olsun, işi udmaq istəyir. Bunun üçün məhkəmə sədri Gülnar Səfərəliyevaya vəkilinin vasitəsilə 20 min manat rüşvət verib.
Lakin onunla münasibəti yaxşı olmayan hakim Aslan Heydərov bir neçə ay əvvəl ittihamı əsassız sayaraq şikayəti rədd etmişdi. İndi Abbas müəllim Aysel Quliyevanı eyni məzmunlu ittihamla yenidən məhkəməyə verib və bu dəfə əlavə olaraq 20 min manat təzminat tələb edir ki, verdiyi pulu geri çıxarsın. Aslan Heydərov isə şikayətin eyni məzmunlu olduğunu əsas gətirərək bu dəfə də ərizəni qəbul etməyib.
Bundan sonra Abbas müəllim sədr Gülnar Səfərəliyevanın otağına gedib, verdiyi 20 min manatı geri istəyib. O isə pulu xərclədiyini, tezliklə məsələni həll etmək, yəni etirazçı müəllimi cəzalandırmaq üçün addımlar atacağını bildirib.”
Ötən ilin sentyabrında “Gündəlik Naxçıvan” NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yayıb. Müraciətdə dekan müavini Abbas Əhmədovun tələbələri döydüyü və təhqir etdiyi iddia olunurdu. Tələbələr bildirirdilər ki, universitet rəhbərliyi onu cəzalandırmaq əvəzinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxarıb.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Şikayət olunan şəxs – Aysel Quliyevanın isə həmin müraciətin yayılması ilə heç bir əlaqəsi olmayıb. Buna baxmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva şikayəti icraata götürmüşdü. Məsələ ictimailəşdikdən sonra bu addım ciddi ictimai qınağa səbəb olmuş, hakim isə ilk iclasda işə baxmaqdan imtina etmişdi.
Daha sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova verilmişdi. O isə şikayəti əsassız hesab edərək işə xitam vermişdi.

Geri qayıt