Əsas Səhifə > Manşet / Cəmiyyət > Şərurda məktəblinin VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR...

Şərurda məktəblinin VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR...


24-10-2025, 10:52

Şərur rayon Siyaqut kənd məktəbinin müəllimi Aygül Bayramova 14 yaşlı şagird Zəhra Verdiyevanın başına kitabla zərbələr endirib, saçından tutub sürüyüb, nalayiq söyüşlərlə təhqir edib. Bütün bunlar sinif otağında, şagirdin sinif yoldaşlarının gözləri qarşısında baş verib.
Bu haqda „Gündəlik Naxçıvan“a şagirdin nənəsi Məqsudə Əkbərova məlumat verib.
Onun sözlərinə görə, nəvəsini döyən müəllim, məktəb direktorunun həyat yoldaşıdır.
Şikayətçi bildirir ki, fiziki və psixoloji travma alan 9-cu sinif şagirdi olan nəvəsi məktəbə getmək istəmir:
“Hadisə oktyabrın 8-də baş verib. Uşağın saçından tutub sinifdə sürüyüb, başına kitabla vurub. Daha sonra sinif yoldaşlarının qarşısında özünü, valideynlərini təhqir edib. Həmin gün nəvəmlə bərabər başqa qız uşağını da döyüb, təhqir edib. Valideynləri qorxdudublar deyə, səslərini çıxarmırlar. Müəllim deyib ki, guya tum çırtlayıblar. Deyək ki, bu doğrudur. Buna görə uşağı bu şəkildə döyüb təhqir edərlər? Aldığı zərbələrdən başının ağrısı hələ də keçməyib. Təhqir olunduğuna görə, psixoloji travma da alıb. İndi özünü alçaldılmış sayır, sinif yoldaşlarının gözünə görünmək istəmir.”
Məqsudə Əkbərova deyir ki, şikayət etdiyi yerli Təhsil Nazirliyi məsələni araşdırmaq yerinə, ört-basdır edir:
“Direktor müəllimləri, şagirdləri qorxudub, saxta ifadələr alır. Guya, belə hadisə olmayıb. Bu boyda biabırçı hadisə baş verib, nazirlik tükünü də tərpətmir. Biz qız uşağının həyatı ilə oynayırlar. Sinif yoldaşlarına tapşırıblar ki, ondan uzaq dursunlar. Bu da uşağa ikinci psixoloji zərbədir. Mən bu işi belə qoymayacağam.”
Məqsudə Əkbərova aidiyyəti qurumlara üz tutaraq, məsələnin araşdırılmasını, günahkarların ciddi şəkildə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını tələb edir.

Geri qayıt