Əsas Səhifə > Manşet / Sosial > Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”?

Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”?


Bu gün, 09:20

"Sovet dönəmində respublikamızın demək olar ki, bütün kəndləri kimi Bakı kəndlərində də kino klublarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Novxanı, Coradil və digər kəndlərdə mövcud olan bu klublar böyük mədəni-ictimai əhəmiyyət kəsb edir, məlum klublarda mütəmadi olaraq fimlər nümayiş etdirilir, digər mühüm tədbirlər keçirilirdi. Lakin sovet dönəminin başa çatması ilə bu klublar da öz fəaliyyətini dayandırmış oldu. Daha dəqiq desək, böyük ərazisi ilə diqqət çəkən bu klublar arxalarında heç bir iz buraxmadan səssiz-səmirsiz “yoxa çıxdı”..." "Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu klublar elə əsrarəngiz şəkildə yoxa çıxıb ki, Dövlət Əmlak Xidmətində həmin klubların taleyi ilə bağlı ən xırda izə belə rast gəlmək mümkün deyil. Halbuki, keçmiş “BT”-lərin vasitəsilə kimlərinsə mədəsinə endirilən həmin klubların aqibəti ilə bağlı müvafiq dövlət qurumlarının arxivində konkret sənədlər olmalı, bu sənədlər dövlət əmlakının sonrakı taleyi ilə bağlı yaşananlara aydınlıq gətirməli idi. Fəqət arxivlərdə belə bir sənədin olmaması sözügedən klubların kimlərsə tərəfindən məqsədli şəkildə izsiz-tozsuz mənimsənildiyini göstərir.

Kənd klubları ilə bağlı yaşananlar onu deməyə əsas verir ki, “BT”-lər tərəfindən “buxarlandırılan” yeganə dövlət əmlakı yaknız bu klublar deyil. Heç şübhəsiz, sovet dönəmindən qalma digər ictimai-mədəni, təsərrüfat və yarımtəsərrüfat xarakterli bir çox obyekt “eyni ustalıqla” yoxa çıxarılıb, milyonlara çevrilərək kimlərinsə cibinə axıb.

Bu baxımdan, Dövlət Əmlak Komitəsi dövründə baş verən bu və bənzər olayların sistemli şəkildə araşdırılmasına, məlum mənimsəmələrdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsinə ciddi ehtiyac var. Bu, qanunun tələbi olmaqla yanaşı, həm də milli maraqlarımızdan irəli gələn bir məsələdir və ümid edirik ki, hüquq-mühafizə orqanları gec-tez bu istiqamətdə miqyaslı araşdırmaya start verəcək, dövlət əmlakını mənimsəyən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edəcək..."


Geri qayıt