Əsas Səhifə > Manşet / Ölkə > Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır

Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır


Bu gün, 11:25

Azərbaycanda təhsil sektoru sanki mövsümi ticarət platformasıdır. Bu bazarda uzaqbaşı 3 ay fasilə və durğunluq olur. İlin qalan 9 ayı isə şıdırğı alver, pulyığma gedir. Əvvəlcə yeni tədris ili başlayan kimi direktor-sinif rəhbəri-valideyn komitəsinin sədri şəbəkəsi hərəkətə keçir. Onlar fond pulu, təmir pulu və naməlum istiqamətlərə pullar yığmağa başlayırlar. Bir ay sonra oktyabrda Müəllimlər Günü üçün kimi pul yığır, kimi qızıl-gümüş alıb hədiyyə edir. Çox keçmir ki, Yeni il yaxınlaşır və bir dalğa da, bu gəlir. Bundan əlavə, direktorun ad günü, sinif rəhbərinin ad günü, 8 Mart, Novruz bayramı və belə-belə gəlib çatırıq iyunun 15-nə. Onda da Son zəng və başqa tədbirlər adı altında yenə yaz yığımı həyata keçirilir. Bir sözlə, Azərbaycan təhsili "vosmoy" bazarına oxşayır. Deyə bilərsiniz ki, bəs sübut varmı?
Buyurun, Anxeber.az iki faktı təqdim etsin: biri Sumqayıtda 39 saylı məktəbdə pul yığılması tələbi, digəri Yasamalda 308 saylı məktəbin direktorunun pul istədiyini isbat edən səs yazısı. İkincisi artıq işdən azad olunub, Sumqayıtdakı 39 saylı məktəb gəlincə, sosial şəbəkələrdə bu haqda informasiyalar yayılıb. Məsələ təkcə Sumqayıtın 39, yaxud Yasamalın 308 nömrəli təhsil ocaqlarından getmir, ümumiyətlə, sistem bu vəziyyətdədir. Yəni kütləvi şəkildə məktəblər pul yığır. Sadəcə, birində kimsə səs yazır, biri mediaya məlumat verir, başqası sosial şəbəkədə ictimailəşdirir, qalanları isə sadəcə gizli şəkildə edilir ki, səs-küy yaranmasın. O baxımdan, ən azı təhsil ocaqlarının 90 faizində direktorlar alverçiyə çevriliblər. Bu məsələdə valideyn komitələri isə vasitəçi rol oynayır. Təbii ki, direktoru işdən çıxarmaq lazımdır. Amma bu da problemin köklü həllində çıxış yolu deyil. Çünki sistemli iş aparılmalı, yanaşma dəyişməli, ən əsası Elm və Təhsil Nazirliyi konkret proqramla çıxış etməlidir. Bəs nazirlik nə edir? Səsi yazısı yayılan direktoru cəzalandırmaqla iş düzəlirmi? Xeyr! Sabah yenə digər məktəblərdə eyni formada pul istənilir. Ona görə də nazir Emin Əmirullayev çıxışlarında günahkar axtarışına çıxmaqdansa, özünün ideyalarını, proqramını təqdim etməlidir. İndiyə qədər nazir hansı konsepsiya, real proqramla qarşımıza çıxıb? Ümumiyyətlə, nazirliyin məktəblərdə bu rüsvayçılığa tam son qoymaq üçün heç bir tədbirlər planı yoxdur. Bu zehniyyəti dəyişmək üçün hər hansı ideya da irəli sürülmür. Məsələn, ASAN Xidmətdə rüşvət versən də götürən yoxdur, amma bir məktəb direktoru və ya müəllim pul tələb edə bilir, nazirlikdən də qorxmur. Səbəb odur ki, ya direktorlar himayə olunur, ya da nazirlik onlara bu şəraiti yaradıb. Əmirullayev isə istəsə bu eybəcərliyə son qoya bilər. Lakin bir neçə ildir ki, nazir vəzifəsində olan Əmirullayev bu sektorda ciddi nəticə əldə edə bilməyib. Bundan sonra da fundamental dəyişiklik gözlənilmir. Çünki məktəbləri bazara çeviriblər və sanki belə də olmalıdır. Halbuki qarşımızda Türkiyə, Çin, Sinqapur kimi ölkələrin orta təhsil sistemi presedentləri var. Bu nümunələrin təcrübəsini tətbiq etmək çətin iş deyil, yetər ki istək və siyasi iradə olsun. Bizdə isə 2025-ci il bu gün-sabah bitəcək, hələ də səviyyəsiz şəkildə fond pulu, bayram pulu yığırlar. Dünya süni intellektdən istifadə etməkdədir, müasir texnoloji inkişaf işıq sürəti ilə irəliləyir, insanlar elm-texnika sahəsində innovativ tərəqqidən yararlanır, bizsə Sabirin dediyi kimi, araba minməyiriz. Necə olur ki, Misir Mərdanovun da dövründə pul yığılırdı, ondan sonra 3 nazir təyin olunub, indi də məktəblərdə direktorlar pul yığdırır. Cənab Əmirullayev, bizi hansı dövrdə saxlamısız? Zamanı, tarixi, saatı unutmuşuq...

Anxeber.az


Geri qayıt