
“Bura Siyəzənin ən böyük kəndinin şəhid Vüqar Qasımov adına Yenikənd kənd orta məktəbidir, Suriya deyil”.
Yenicag.az xəbər verir ki, bunu Siyəzən rayonuna məktəblərin təmiri məsələsi ilə bağlı sosial şəbəkələrdə şikayətini səsləndirən Tural Tağızadə deyib.
O, paylaşdığı videoda qeyd edib ki, nazirlik tərəfindən modul tipli məktəbin inşa ediləcəyi ilə bağlı vətəndaşlara söz verilməsinə baxmayaraq, hələ də əməli addım atılmayıb.
“Bura Siyəzənin ən böyük kəndinin şəhid Vüqar Qasımov adına Yenikənd kənd orta məktəbidir, Suriya deyil. Daha öncə elm və təhsil nazirinə məsələ ilə bağlı məlumat vermişdik. Söz verilmişdi ki, şəhidimizin adına olan bərbad məktəbin yerində modul tipli məktəb qurulacaq. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sədr müavini Pərvin Ağasiyev də bu kənddəndir. Hər il məktəbi “təmir” etdirməkdənsə, yeni məktəb tikilməlidir”, – deyə şikayətçi qeyd edib.
Xatırladaq ki, adıçəkilən məktəb ötən il təmirə bağlanıb, müəllim və şagird heyəti yaxınlıqdakı Gilgilçay stansiya məktəbinə köçürülüb. Bu il isə həmin məktəb də bağlanıb və məktəb heyəti şəhər məktəbinə köçürülüb. Bu isə valideynlərin narazılığına səbəb olub.
Yenicag.az
Geri qayıt
|