Əsas Səhifə > Manşet / Cəmiyyət > Bizə dərs keçən “Xudayar bəylər”...

Bizə dərs keçən “Xudayar bəylər”...


Bu gün, 10:35

Elm və Təhsil naziri maraqlı bir açıqlama verib: Direktorlar artıq ayrıca imtahanla deyil, müəllimlərin MİQ, sertifikasiya imtahanlarından topladıqları balla seçilə biləcəklər. İlk baxışdan “təhsil sahəsində islahat” təsiri bağışlayır. Amma gəlin etiraf edək – Azərbaycan reallığında bəzi qərarlar kağız üzərində gözəl görünür, praktikada isə...
Mənim tanıdığım bir məktəb var. Oranın direktoru vaxtında MİQ-dən elə “7... ya səhf etmirəmsə, 8” bal toplamışdı. 17 ildi direktor işləyir. Davranışları, direktor ədası isə Mirzə Cəlilin Xudayar bəyini xatırladır: nə təhsil var, nə idarəetmə, amma “mənəm-mənəmlik” son həddə. Bir kəndin uşaqlarının gələcəyini, müəllimlərin ümidini, valideynlərin inamını illərdir məhv edib.
Əslində, belə direktorların məktəbdə “təhsil rəhbəri” yox, kənd camaatının “bəlası” olduğunu görmək üçün xüsusi pedaqoji təhsil də lazım deyil. Amma görünən odur ki, onların “xidmətlərinə” görə çox tezliklə əməkdar direktor, əməkdar müəllim və ya hansısa təltiflərlə də “şərəfləndiriləcəklər”. Axı, bizdə çox zaman susdurmaq, formal göstəricilərlə bəzəmək, özbaşınalığı görməzdən gəlmək ənənəyə çevrilib.
Təhsil millətin gələcəyidir deyirik, amma bu gələcəyi “7 balıq Xudayar bəylərə” tapşıranda hansı ümidlərdən danışa bilərik?, özunuz fikirləşin. Bal toplamaqla məktəbi idarə etmək bacarığı eyni şey deyil. İdarəçilik əxlaq, məsuliyyət, prinsipiallıq, elmə və müəllimə hörmət tələb edir. Əgər bunlar yoxdursa, o balın 7, ya 70 olması heç bir fərq yaratmır.
Bu gün məktəblərin çoxunda rəhbərlik səriştəsi olan maarifpərvər müəllimlər var. Təəssüf ki, onları irəli çəkmək əvəzinə, “Xudayar bəylər” təhsilimizin ön cəbhəsinə yerləşdirilir. Sonra da tələbədən, müəllimdən, valideyndən yüksək nəticə, uğur və inkişaf gözləyirik.
Əslində isə xalq yazıçımız Mirzə Cəlil illər əvvəl bu sindromu açıq şəkildə göstərmişdi: bir kəndin bəlası Xudayar bəy idi. İndi sadəcə kostyum dəyişib, adına “direktor” deyirik.
Nazirlik təsadüfən maraqlanslarsa direktorun kadrı kimi tablosunu təqdim edəcəm.
Qələndər Muxtarlı - partiya sədri,
təhsil işçisi - "DİA-AZ"

Geri qayıt