Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ

Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ


Bu gün, 10:37

Naxçıvan şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva universitet müəllimi Aysel Quliyevaya qarşı sifarişli işə baxmaqda imtina edib. Onun ictimai qınaqdan yayınmaq üçün bu addımı atdığı bildirilir. Sifarişli qərarlar çıxarmaqla tanınan Gülsüm Əliyeva öncə bu işi qəbul edib, icraata götürmüşdü.
Söhbət NDU rəhbərliyinin müəllim Aysel Quliyevanı demədiyi sözə görə məhkəməyə verməsindən gedir. Hakim, bu absurd şikayətin icraata götürülməsi məsələsi ictimailəşdikdən sonra, elə ilk prosesdəcə işi davam etdirməkdən imtina edib.
O imtina etdikdən sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova həvalə olunub.
Bu haqda „Gündəlik Naxçıvan“a məhkəmədəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, iclasdan öncə Gülsüm Əliyeva baş hakim Gülnar Səfərəliyeva ilə mübahisə edib:
“Deyilməyən sözə görə edilən şikayəti icraata götürmək bir hakim üçün biabırçılıqdır. Yuxarıdan sifariş var idi deyə, məcbur götürdü. Məsələ ictimailəşdikdən sonra cəmiyyət qarşısında abırını və imicini qorumaq üçün ilk iclasdaca imtina etdi.
Gülsüm Əliyeva, elə baş hakim Gülnar xanım da indiyə kimi xeyli sifarişli qərarlar çıxarıblar. İndiyə kimi ictimailəşmirdi deyə, başlarını aşağı salıb, işlərinə davam edirdilər. „Gündəlik Naxçıvan“ səhifəsi bir ilə yaxındır ki, bu işləri ifşa edir. Son işin icraata götürülməsi isə, həqiqətən gülməli idi. Bu məsələ də ictimailəşdikdən sonra, işdən imtina edəcəyini deyən Gülsüm Əliyeva ilə baş hakim arasında mübahisə yaranmışdı. Ancaq, nəticədə o, imtina etməyi bacardı.”
Naxçıvan Dövlət Universitetinin (NDU) dekan müavini, “Gündəlik Naxçıvan”da şərəf və ləyaqətini alçatdığı iddiası ilə müəllim Aysel Quliyevanı məhkəməyə verib. Halbuki Aysel Quliyeva onunla bağlı mətbuata heç bir açıqlama verməyib. Buna baxmayaraq, Naxçıvan şəhər Məhkəməsi dekan müavininin şikayətini qəbul etmişdi. Bu iş üzrə ilk iclas sentyabrın 2-də baş tutub.
Bir neçə gün öncə səhifəmiz NDU Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yaymışdı. Müraciətdə dekan müanivi Abbas Əhmədovun tələbələri döydüyü, təhqir etdiyi bildirilirdi. Tələbələr, universitet rəhbərliyinin aqressiv dekanı cazalandırmaq yerinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxardığını bildirmişdilər.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək, məhkəməyə şikayət edib. Şikayət olunan şəxsin- Aysel Quliyevanın isə, müraciətin yayılması ilə heç bir əlaqəsi yoxdur.

Geri qayıt