Əsas Səhifə > Manşet / Cəmiyyət > Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də...
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də...Bu gün, 06:53 |
Ələt qəsəbəsindəki bir ailənin haqsızlıqla üz-üzə qalması, ölkəmizdə şəhid ailələrinə göstərilən rəsmi qayğının bəzən icra səviyyəsində necə pozulduğunu acı şəkildə ortaya qoyur. Redaksiyamıza müraciət edən Adgözəlov Seymur Babagözəl oğlu illərdir yaşadığı evə qaz xətti çəkilməsi üçün Azəriqaz İstehsalat Birliyinə müraciət edir, lakin qarşısına hər dəfə eyni sədd qoyulur: “Kupça və digər sənədlər yoxdur. ” Bununla belə, eyni küçədə, eyni şəraitdə yaşayan qonşuların qazla təmin olunduğu halda, şəhid qardaşının qapısında “qanun” maneə kimi dayanır. Məlumat üçün bildirək ki, Seymur bəyin qardaşı – Adgözəlov Nemət Babagözəl oğlu, 1993-cü ildə könüllü olaraq Qarabağ döyüşlərinə qatılıb, bir neçə ön cəbhə istiqamətində döyüşüb və 1993-cü il aprelin 13-də şəhidlik zirvəsinə ucalıb. Bəs bu cür sual yaranmırmı: Niyə qonşulara qaz verilir, şəhid ailəsinə yox?Əgər qonşuların sənədi varsa, buyurun, ictimaiyyətə təqdim edin. Yox əgər sənəd olmadan qaz verilibsə, bu artıq seçmə-seçmə yanaşmadır və qanunsuzluqdur. Ələt qəsəbəsində yayılan məlumatlara görə, bəzi Azəriqaz əməkdaşları qaz xəttinin çəkilişi üçün 5-6 min manat məbləğ tələb edir. Bu iddialar rəsmi şəkildə sübut edilməsə də, yerli sakinlər arasında geniş yayılıb və ictimai narazılıq yaradıb. Biz bu yazıda nəinki bir vətəndaşın problemini qaldırırıq, həm də bir şəhid ailəsinin incidilməsinə qarşı etiraz edirik. Sualımız var: Hörmətli Azəriqaz rəhbərliyi, siz kimin siyasətini həyata keçirirsiniz? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət göstərildiyini vurğulayıb. Bu ailələrə hər zaman “qapılar açıqdır” mesajı verilib. Bəs bu siyasəti Azəriqaz niyə pozur? Niyə şəhid ailəsinə qaz verilmir? Səbəb doğrudanmı kupça, yoxsa başqa “kupçalar”dır? Qurumun məsələ ilə bağlı mövqeyi olarsa dərhal dərc etməyə hazırıq. Bu yalnız bir ailənin problemi deyil. Bu, bütün şəhid ailələrinin şərəfinin, dəyərinin müdafiəsidir! Arazmedia.az Geri qayıt |