
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi dövləti sabotaj edən, ona ən ciddi problem və təhdid yaradan, xalqla üz-üzə qoyan yeganə strukturdur. Necə deyərlər, xalqı hökumətdən narazı salan da, dövlətin özünə başağrısı, yük olan da məhz bu qurumdur. Çünki bir yandan su problemi ilə əhalini boğaza yığıb, Bakının ayrı-ayrı yerlərində tez-tez şikayətlər gəlməkdədir, digər tərəfdən isə dövlətə olan vergi borcunu qaytarmır. Bu, necə bir təşkilatdır? Məlum olur ki, özlərinə biznes səltənəti quran, bahalı avtomobillərdə şütüyən “Azərsu” rəhbərliyindəki şəxslər dövlətə yaranmış külli miqdarda vergi borcunu ödəmir. Anxeber.Az yazır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib. Məlumata görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 23 614 998,85 manat (23 milyon 614 min 998 manat 85 qəpik) vergi borcu mövcuddur. Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnamə kapitalı isə 2 400 427 052 manatdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. Qurum istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Xidmət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir. Amma edirmi? 23 milyon vergi borcu yığılıb, xalqı da su ilə normal təmin etmir. Bu yay şəhərin müxtəlif ərazilərində yaşanan su fəlakəti hər kəsə bəllidir. Onu da deyək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə üzrə 1 823 757 abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Bunların 1 750 522-i əhali, 73 235-i isə qeyri-əhali abunəçiləridir. Ölkə üzrə abonentlərin 79,5 faizi, Bakı şəhəri üzrə 82 faizi, regionlarda isə 73,3 faizi fasiləsiz içməli su ilə təmin olunur. Xidmətin balansında 21 000 km uzunluğunda su, 10 500 km uzunluğunda kanalizasiya və yağış suları xətləri mövcuddur. Di gəl, ortada nə real iş var, nə də qurum dövlətin vergini borcunu ödəyir. Yəni abonent 5 manat su borcunu gec ödəyəndə dərhal xəttini bağlayan “Azərsu” özü 23 milyonluq vergi borcundan bir qəpik vermir. Burada deyərlər ki, ağası Gülüm olanın, başına külüm olar... Və bu azmış kimi, qurumun danışmağa dili də var. Sən əhalini normal, fasiləsiz su ilə təmin etmə, yayın istisində evlər susuz qalsın, vətəndaşların şikayətlərinə məhəl qoyma, bəhanə et ki, guya tələbat artıb, təzyiq yoxdur, amma həm də dövlətə kələk gəl – 23 milyon vergi borcunu ödəmə. Halbuki bu maliyyə imkanları ilə müasir su xətləri çəkilməli, suyun təzyiqi ən yüksək səviyyədə təmin olunmalı, dövlətin də vergi borcu qaytarılmalıdır. Amma agentlik rəhbəri Zaur Mikayılov İqtisadiyyat Nazirliyi yanında vergi xidmətini də, xalqı da deyəsən, barmağına dolayıb. Bundan əlavə, bir sıra MTK-ların su sayğaclarının qoyulması, quraşdırılması, texniki şərtin alınması, ümumən su təminatında problemlər var. Amma “Azərsu” rəhbərliyi ona edilən xahişləri də nəzərə almır. Bir sözlə, struktur və kadr dəyişikliklərinə rəğmən, su təsərrüfatında heç bir inqilabi yenilik olmadı. Oldusa belə, mənfiyə doğru müşahidə etmək olar. Ən azından əvvəllər bu problemlərlə üz-üzə qalmazdıq. Amma adı gurultulu olan, inzibati binası kənardan malikanəyə oxşayan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyindəki qurumlar özünü doğrultmadı. Eyni zamanda, bu sözləri rəhbərlikdə təmsil olunanlar, idarəetmə barəsində də söyləmək mümkündür. Bu faktın – yəni vergi borcunu ödəməməsinin üzə çıxması isə təsdiqlədi ki, sözügedən strukturun idarəçiliyi nədən ibarətdir. Əslində, vergi xidməti məhkəməyə üz tutmalı, ödənişlərin olunmasını tələb etməlidir. Bu məsələdə boşluğa yol vermiş şəxslərə hətta vergi cinayətinin açılması belə istisna deyil. Söhbət dövlətin vergi borcunu ödəməməkdən gedir. Vətəndaşın bir manat belə kommunal, yaxud vergi borcu olanda onun gözünü çıxarıb alırlar, suyunu kəsirlər. Bəs Zaur Mikayılovun agentliyinə bu nə yumşaq münasibətdir? – Sual cavabsızdır...
Anxeber.Az
Geri qayıt
|