Əsas Səhifə > Manşet / Sosial > Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi...

Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi...


Bu gün, 09:17

“VTB Bank”dan (Azərbaycan) götürülmüş kreditin əvəzində ora girov qoyulmuş Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi ev 25 ünvanında yerləşən 3 otaqlı mənzil vətəndaşın əlindən alınıb.

Bizimyol.info xəbər verir ki, ev sahibi banka olan borcunu ödəyib. Lakin ona deyilib ki, artıq gecdir, hərrac keçirilib, mənzil başqasına satılıb.

“Martın 19-da mən borcun tam və nağd şəkildə ödənilməsi üçün saat 17:10 radələrinndə “VTB Bank”a getdim. Tam şəkildə borcu bağlamaq niyyətində olduğumu bildirdim. Bank əməkdaşları bildirdilər ki, bank sistemi 16:30-dək işləyir. Sonrakı 12 gün də respublikada qeyri-iş günləri olduğuna görə ödənişi qəbul eləmədilər. Bununla əlaqədar “VTB Bank”a olan borcu tam şəkildə başqa bank vasitəsilə Səbail rayon İcra Şöbəsinin depozit hesabına ödədim”, - deyə narazı vətəndaş bildirib.

Sözügedən mənzillə əlaqədar əvvəl Yasamal Rayon Məhkəməsi qərar çıxarıb ki, “VTB Bank”a olan və ödənilməmiş kredit borcu – 36920 manat əsas borc, 2384 manat faiz borcu, 160 manat da cərimə olmaqla, cəmi 39464 manat banka ödənilməlidir, yaxud da girov mənzilə yönəldilməlidir.

Şikayətçi bildirir ki, bu məbləği Səbail rayon İcra Şöbəsinin depozit hesabına ödəyəndən sonra ərizə ilə şöbəyə müraciət edib. Ərizəsinə ödəniş qəbzini də əlavə edib. Borcun tam şəkildə ödənilməsini nəzərə alaraq, icra işinə xitam verilməsini istəyib. Lakin Səbail rayon İcra Şöbəsinin rəisi Anar Qocayevin cavabından məlum olub ki, evi başqasına satılıb: “Məktubdan məlum oldu ki, İcra Şöbəsi tərəfindən də qanunsuzluğa yol verilib. Mənim məlumatım olmadan evimlə bağlı hərrac keçirilib. İkincisi, sənədlərə əsasən, hərrac martın 23-də keçirilib. Həmin günlərdə ölkədə qeyri-iş günləri idi”.

Qarşı tərəf hərracın qanunsuz keçirilməsi, mənzil sahibinin məlumatsız olması barədə deyilənləri qəbul etmir: “Hərrac barədə “Birja” qəzetində elan verilib. Özlərinin də məlumatı olub”.

Qarşı tərəf onu da əlavə edib ki, ödəniş olunanda artıq hərrac keçirilmiş, mənzil də satılmışdı. Vətəndaş isə bildirir ki, “VTB Bank”ın əməkdaşları qeyri-iş günlərindən öncə ondan ödənişi qəbul etməyib. O, banka girov qoyduğu mənzilin pulu tam ödədiyi halda satılmasını qanunsuz hesab edir.


Geri qayıt