Əsas Səhifə > Manşet / Hadisə > "Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib"
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib"Bu gün, 08:49 |
“Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 63 saylı uşaq bağçasında məktəbəhazırlıq qrupu bağlanıb, uşaqlar tədrisdən kənarlaşdırılır”. Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Güleyşə Muxtarova müraciət edib. Onun sözlərinə görə, bağçada fəaliyyət göstərən məktəbəhazırlıq qrupu müdirin istəyinə əsasən bağlanıb: “Bağçaya yeni təyin olunan müdir Hacıyeva Turan heç bir xəbərdarlıq etmədən qrupun bağlanmasına qərar verib. Dövlət bağçasında bu qərar necə verilə bilər?! Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib. Məcbur edir ki, avqustun 30-dan sonra çıxmalısınız. Maddi imkanım olmadığı üçün nəvələrim Uğur və Cahan Muxtarovları özəl bağçaya qoya bilməyəcəyəm. Onlar əkiz kimidirlər, ayıra bilmərəm”. G.Muxtarova bildirib ki, bağça müdiri bu qərarı valideynlərin istəyinə əsasən verdiyini deyib: “Guya ki, valideynlər bağça rəhbərliyinə söyləyib ki, qrup bağlansın, bu, çox absurddur. Sadəcə bir bəhanədir. Elə 5-6 valideyn bu vəziyyətdən şikayətçidir. Hamımız istəyirik ki, uşaqların təhsili üçün imkan yaradılsın, çünki biz bu bağçanın şəraitindən razıyıq, ancaq hazırkı durum bizə çətinlik yaradır. Aidiyyəti qurumlara müraciət edəcəyik”. Məsələni aydınlaşdırmaq üçün 63 saylı bağçaya sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri 63 nömrəli uşaq bağçasında 2024-2025-ci tədris ilində məktəbəhazırlıq qrupu fəaliyyət göstərməyib: “Səbəb bağçada məktəbəhazırlıq qrupuna uyğun sayda uşaqların yığılmamasıdır. 2025-2026-cı tədris ili üçün aparılan proqnazlaşdırma dövründə 63 nömrəli bağçada məktəbəhazırlıq qrupuna müraciət sayının az olduğunu nəzərə alaraq məktəbəhazırlıq qrupunun açılması məqsədəmüvafiq hesab edilməyib. Bağçada məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməyəcəyi ilə bağlı valideynlərə öncədən məlumat verilib. Müraciət edən şəxsin nəvələri ilə bağlı onu da bildirək ki, uşaqlardan biri məktəbəhazırlıq yaşında olduğu üçün avqustun 31-nə kimi bağçada təlimə davam edəcək. Həmçinin valideyn məktəbəhazırlıq qrupu fəaliyyət göstərən digər bağçalara övladını yerdəyişmə edə bilər. Ailənin digər övladı isə bağçada yaşına uyğun qrupda təlim-tərbiyəsinə davam edir”. Geri qayıt |