|
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 376 boşanma qeydə alınıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2 olub. Məlumat üçün bildirək ki, son 85 il ərzində, yəni 1941-ci ildən sonra Azərbaycanda ən yüksək boşanma göstəricisi 2023–2024-cü illərdə qeydə alınıb. Həmin illərdə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2,1 olub. 2025-ci ildə isə bu göstərici bir qədər azalaraq 2-yə düşüb. Onu da qeyd edək ki, 2023–2024-cü illər istisna olmaqla, bu göstərici sonuncu dəfə 1990-cı ildə qeydə alınıb. Belə ki, 1990-cı ildə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2 olub və 2023-cü ilə qədər belə yüksək göstərici qeydə alınmayıb. Son 85 ildə ən az boşanma isə 1945-ci ildə qeydə alınıb. Həmin il ölkədə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı cəmi 0,1 olub. 1945–1965-ci illərdə isə bu göstərici 1-dən yüksək olmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra ən az boşanma 1999-cu ildə qeydə alınıb. Həmin il əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 0,6 olub. Onu da qeyd edək ki, Avropa Statistika Bürosunun (“Eurostat”) açıqladığı son məlumata görə, Avropa Birliyində əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 1,6 olub və son 3 ildə – 2022, 2023, 2024-cü illərdə dəyişməz qalıb. Avropa ölkələrində və Azərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2024-cü ildə aşağıdakı kimi olub: Gürcüstan – 3,7; Latviya – 2,8; Litva – 2,5; Türkiyə – 2,2; Estoniya – 2,1; Azərbaycan – 2,1; İsveç – 2,1; Finlandiya – 2,1; Albaniya – 2; Macarıstan – 1,9; Çexiya – 1,9; İsveçrə – 1,8; Lüksemburq – 1,8; İspaniya – 1,7; Avstriya – 1,6; Polşa – 1,6; Serbiya – 1,6; Slovakiya – 1,5; Portuqaliya – 1,5; Yunanıstan – 1,5; Almaniya – 1,5; Niderland – 1,4; Bolqarıstan – 1,3; Xorvatiya – 1,3; İtaliya – 1,3; Rumıniya – 1,1; Sloveniya – 1; Malta – 0,9.
Geri qayıt
|