Əsas Səhifə > Ana xəbər / Güney Press > "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir"

"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir"


Bu gün, 16:47

Son illər Azərbaycanda istehlakçı şikayətlərinin istiqaməti dəyişərək daha çox elektronika və məişət texnikası sektorunda cəmləşməyə başlayıb. Xüsusilə böyük satış şəbəkələri ilə bağlı narazılıqların artması diqqət çəkir və bazarda konkret şirkətlərin adları daha çox hallanır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, son 10 ildə ən çox şikayət daxil olan sahə mürəkkəb texniki vasitələrlə bağlıdır:

“Paltaryuyan, qabyuyan maşınlar, mobil telefonlar və digər elektronika məhsulları ilə bağlı daxil olan müraciətlər arasında xüsusilə “Kontakt Home” ön sıradadır və bu mövqeyini uzun müddətdir qoruyur. Bu şirkətdən sonra ən çox şikayət olunan satış şəbəkələrindən biri də “Baku Electronics” dir”.

Ekspert diqqətə çatdırıb ki, bazarda rəqabət mühiti təkcə xidmət keyfiyyəti ilə deyil, həm də şirkətlərin birləşməsi və satınalmalarla formalaşır. O iddia edib ki, əvvəllər şikayət daxil olmayan “Music Gallery” şəbəkəsi “Kontakt Home” tərəfindən satın alındıqdan sonra, bu marka ilə bağlı da narazılıqlar artmağa başlayıb.

E.Hüseynov mövcud vəziyyətin əsas səbəblərindən biri kimi qanunvericiliyin müasir tələblərə cavab verməməsini qeyd edib. O vurğulayıb ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildən qüvvədədir və bu günə qədər sənəddə ciddi konseptual dəyişiklik edilməyib. Ekspertin fikrincə, hüquqi bazanın köhnəlməsi istehlakçı hüquqlarının kifayət qədər qorunmamasına şərait yaradır və bəzi şirkətlər bu boşluqlardan istifadə edirlər.


Geri qayıt