Əsas Səhifə > Ana xəbər / Güney Press > Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki...

Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki...


Bu gün, 08:35

Siyasətdə bəzən ən böyük səhv gözləntilərlə reallıq arasındakı fərqi düzgün qiymətləndirməmək olur. İnsanlar tez-tez kimliyə, dinə, mənsubiyyətə baxaraq nəticə çıxarır, amma hadisələr çox vaxt tamam başqa istiqamətdə inkişaf edir.

Son hadisələr bunu bir daha açıq şəkildə göstərdi.

Demokrat Zohran Mamdani-nin açıqlamaları bir çoxlarının gözləntilərini alt-üst etdi.

Bu mənzərəni daha yaxşı anlamaq üçün klassik siyasi həqiqəti xatırlamaq kifayətdir.

Charles de Gaulle deyirdi: “Nations have no friends, only interests.” (Dövlətlərin dostu olmur, yalnız maraqları olur.)

Bu yanaşma sərt görünə bilər, amma reallıq məhz budur. Eyni xətti Henry Kissinger daha açıq ifadə edirdi: “America has no permanent friends or enemies, only interests”. (Amerikanın daimi dostu və ya düşməni yoxdur, yalnız maraqları var.)

Bu kontekstdə tez-tez Winston Churchill-ə aid edilən məşhur bir fikir də xatırladılır: Böyük Britaniyanın daimi dostu və ya düşməni yoxdur, yalnız maraqları var. Ancaq bu yanaşmanın kökü əslində Lord Palmerston-a gedib çıxır. O, bunu daha dəqiq və klassik formada belə ifadə etmişdi: “We have no eternal allies, and we have no perpetual enemies. Our interests are eternal and perpetual.” (Bizim əbədi müttəfiqlərimiz yoxdur, əbədi düşmənlərimiz də yoxdur. Əbədi olan yalnız maraqlarımızdır.) Bu fikir sonradan Böyük Britaniyanın xarici siyasət fəlsəfəsinin əsas prinsiplərindən birinə çevrildi və bu gün də qlobal siyasətin işləmə mexanizmini izah edən ən dəqiq tezislərdən biri hesab olunur.

Bu sitatlar fonunda baxanda, Nyu-York meri ilə bağlı məsələ artıq emosional yox, tam məntiqi görünür.

Müsılman, xüsusən şiə kimliyə görə qurulan gözləntilər dağılır, maraqlara əsaslanan siyasət isə qalır. Və nəticə dəyişmir: Siyasətçini onun kimliyinə görə yox, onun konkret mövqeyinə görə qiymətləndirmək lazımdır.

Çünki tarix də, bu gün də eyni şeyi deyir: maraqlar hər şeydən üstündür.

Onun səsləndirdiyi fikirlər formal olaraq universal dəyərlər üzərində qurulsa da, mahiyyət etibarilə daşnak-erməni narrativinə yaxın xətt ortaya qoyur. Xüsusilə özünü “demokrat” adlandıran Azərbaycandakı bəzi çevrələr üçün bu, ciddi məyusluq oldu.

Halbuki, bir müddət əvvəl onun seçilməsi sevinclə qarşılanmışdı. Düşünülürdü ki, dini və kimlik yaxınlığı siyasi mövqedə də özünü göstərəcək. Amma siyasət belə işləmir.

Eyni siyasi düşərgədə yer alan demokrat Eric Adams daha fərqli xətt yürüdürdü. O, Nyu-York meri olanda bu mövzulara daha ehtiyatlı yanaşır, münasibətləri kəskinləşdirəcək addımlardan çəkinirdi. Türkiyə və Azərbaycanla əlaqələrdə daha praqmatik mövqe nümayiş etdirirdi. Onun komandasında yer alan azərbaycanlı əməkdaş — Rəna Abbasova — beynəlxalq əlaqələr sahəsində fəaliyyət göstərir, bu münasibətlərin qurulmasında rol oynayırdı .

Bu iki fərqli yanaşma bir həqiqəti açıq göstərir: siyasətdə “yaxınlıq” çox vaxt illüziyadır.

Bu isə təkcə bu hadisəyə xas deyil. Tarix və müasir siyasət bu cür nümunələrlə doludur.

Bir vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlər son dərəcə yaxın idi. Ermənistan Moskvanın regiondakı əsas dayağı sayılırdı. Bu gün isə münasibətlər açıq şəkildə gərgindir. İnam sarsılıb, tərəflər bir-birinə şübhə ilə yanaşır.

Eyni şeyi ABŞ–Azərbaycan münasibətlərində də görmək olar. Co Bayden administrasiyası dövründə münasibətlər kifayət qədər soyuq idi. Amma zaman keçdikcə geosiyasi reallıqlar dəyişdi və bu gün tərəflər arasında daha yaxın, daha praqmatik əməkdaşlıq müşahidə olunur.

Rəcəb Tayyib Ərdoğan dövründə Türkiyənin xarici siyasəti də buna klassik nümunədir. Ankara bir neçə il ərzində Səudiyyə Ərəbistanı ilə münasibətləri kəskinləşdirdi, sonra normallaşdırdı. Misirlə əlaqələr gərginləşdi, sonra dialoq başladı. İsraillə münasibətlərdə də eyni dinamika müşahidə olundu — kəskin düşüş və sonradan yaxınlaşma. Sonra yenə gərginlik...

Bu dəyişikliklər təsadüfi deyil. Bu, siyasətin təbiətidir.

Siyasətdə simpatiya və antipatiya şəxsi hisslərdən yox, milli maraqlardan doğur.

Bu kontekstdə Nyu-York meri ilə bağlı məsələ də xüsusi deyil. Bu, ümumi qaydanın bir hissəsidir.

Siyasətçini onun kimliyinə görə yox, onun konkret mövqeyinə görə qiymətləndirmək lazımdır. Əgər bir siyasətçi Azərbaycan və Türkiyəyə qarşı çıxırsa, onun hansı dinə, hansı partiyaya mənsub olmasının heç bir əhəmiyyəti yoxdur.

Milli maraqlara zidd mövqe — milli təhlükədir.

Bu baxımdan yanaşanda daha bir nümunə diqqət çəkir. ABŞ-ın vitse-prezidenti JD Vance respublikaçıdır. O, regionla bağlı açıqlamalarında erməni məsələsinə toxunaraq oxşar mövqe sərgiləmişdi. Bu, ciddi rezonans doğurdu. Amma Azərbaycan və Türkiyə diplomatik və siyasi səviyyədə koordinasiya edərək bu cür yanaşmaların təsirini neytrallaşdırmağı bacardı. Belə ki, JD Vance erməni genosidindən bəhs edən statusu silməli oldu. Yəni siyasətdə emosiyalar yox, koordinasiya və strateji mövqe nəticə verir.

Cənab JD Vens Amerikada prezidentdən sonra ikinci şəxsdir. Əgər Türkiyə və Azərbaycan ona statusunu sildirə bilirsə, Zohran Mamdani də özbaşına buraxmamalıdır...

Macarıstan nümunəsi də bunu göstərir. Viktor Orban dövründə Budapeşt Azərbaycan və Türkiyəyə yaxın siyasət yürüdürdü. Əgər bu xətt dəyişərsə, Macarıstana münasibətin də dəyişməsi qaçılmaz olacaq.

Ermənistan da bu baxımdan maraqlı nümunədir. Daşnak düşüncəli Ermənistan açıq şəkildə türk düşmənçiliyi üzərində qurulmuşdu. Amma Nikol Pashinyan dövründə fərqli xətt müşahidə olunur - Türkiyə və Azərbaycanla anlaşma cəhdləri, Rusiya və İrandan uzaqlaşma meyli.

Bu da münasibətə təsir edir. Çünki yenə də əsas meyar dəyişmir: kim olduğun yox, necə davrandığın önəmlidir.

Unutmayaq: Siyasətdə dostluq da, düşmənçilik də daimi deyil. Daimi olan yalnız maraqlardır. Və bu maraqları düzgün qavraya bilməyənlər həmişə məyus olacaq.

Elbəyi Həsənli. Bakı


Geri qayıt