Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda baş verən qəribə hadisədə İran izi?
Azərbaycanda baş verən qəribə hadisədə İran izi?Bu gün, 06:03 |
|
Xəbər verdiyimiz kimi, İranın Əfqanıstandakı səfirliyinə aid sosial şəbəkə hesabında paylaşılıb qısa müddət sonra silinən bir məlumat bölgədə geniş müzakirələrlə nəticələnib. İddiaya görə, İslam Respublikasının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisində yerləşən AN/TPY-2 radar bazasına raket zərbəsi endirməsindən sonra İran və İraqda uzun sürən quraqlıq qəfil dayanıb və güclü yağışlar başlayıb. Bildirilib ki, vurulduğu deyilən baza yalnız raketləri izləməyib, eyni zamanda hava şəraitinə təsir göstərən texnologiyalara malik olub. Türkiyə və Azərbaycanda bir neçə gün öncə müşahidə olunan intensiv yağıntılar, Kür çayında suyun səviyyəsinin normadan artıq artması bu iddianı yenidən gündəmə gətirib. Globalinfo.az-a danışan Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bu, kainatın dövrlük qanununa uyğun olaraq, hər 40-50 ildə baş verən təbii prosesdir. Ekspert qeyd edib ki, uzun müddət idi ki, cənubi-qərbi Avrasiyada – Aralıq dənizi sahillərindən İran, İraq, Əfqanıstana doğru olan ərazilərdə quraqlıq yaşanırdı: “Səbəbi isə Atlantik okeanındakı Qolfstrim cərəyanının Azor adalarından ayrılaraq Aralıq dənizinə tərəf bir qol şəklində bizim ərazilərə gələn yağıntıların 80%-ni təşkil edən rütubətli hava axınları yaratmasıdır. Hazırda Avropada və cənub-qərbi Asiyada 30-40 il çəkən quraqlıqdan sonra bizim ərazilərdə yağıntılı dövr başlamaqdadır. Artıq Azərbaycan ərazisində uzun müddət quraq keçən ərazilərdə normadan 40% artıq yağıntılar yağmağa başlayıb. Hazırda bu antisiklonun təsiri nəticəsində əvvəllər xeyli az olan rütubətli hava kütlələri bu ildən başlayaraq olduqca kəskin və ciddi şəkildə rütubət gətirə bilən hava axınlarına çevrilmişdir. Bu hava kütlələri Aralıq dənizi sahillərindən İrana qədər olan ərazilərdə güclü yağıntılara səbəb olmuşdur”. Ə.Əliyev qeyd edib ki, bundan əvvəlki quraqlıq illərində, konkret olaraq 70-ci illərdə havalar əvvəlki dövrdəkinə nisbətən daha quraq keçirdi. O, hazırda həmin prosesin davam etdiyini və quraqlıqdan sonra yağıntılı dövrün başlayacağını deyib: “Hazırda bir neçə il öncə başlamış Xəzər hövzəsinə yağan yağıntıların artımı təbii qanunlarla nizamlansa müəyyən qədər qalxmalar hiss olunacaq. Təbiətin dövrlük qanunu özünü göstərsə, təxminən bir neçə on ilə Xəzər dənizinin əvvəlki səviyyəsinin bərpasına şahidlik edə bilərik”. Geri qayıt |