Əsas Səhifə > Ana xəbər / Güney Press > Revanşistlər Bakıya YENƏ dil uzatdı

Revanşistlər Bakıya YENƏ dil uzatdı


Bu gün, 11:19

Radikal müxalifət düşərgəsini təmsil edən “Şant” blokunun sədri Şahen Arutyunyan Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirməyə çağırış edib. Arutyunyana görə, “artıq əvvəlki kimi yaşamağa və səhvləri təkrarlamağa davam etmək mümkün deyil”.

Onun sözlərinə görə, qarşıdakı seçkilər ermənilərin öz vətənlərində yaşaya biləcəklərini və gələcək məqsədlərini müəyyən edəcək: “Müstəqillik danışıqlar yolu ilə həll edilə bilməz. Bu, dövlətin təməlidir. Ermənistanın maraqlarına zərər verən Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirmək məsələsini qaldırmaq zamanıdır”.
Ardınca o, bu məsələləri görməzdən gəlməyin gələcək risklər yaratdığını iddia edib. “Biz seçimlə üz-üzəyik: daha vacib olan müstəqillik, yoxsa yalançı sülh? Azadlıq, yoxsa təslimçilik? Şərəf, yoxsa təkəbbür? Ayağa qalxıb mübarizə aparmağın vaxtıdır”, - Arutyunyan izhar edib.

Yada salaq ki, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Ermənistan da imza atıb. Rusiyanın iştirakı ilə təsdiqlənən sənəddə Naxçıvanın ayrılmaz hissəsi olması ilə bağlı zəmanətin xüsusi yeri var. Qars müqaviləsinin hüquqi qüvvəsinin bitmə müddəti yoxdur, göstərilməyib. Yəni, o, yalnız bütün tərəflərin razılığı ilə ləğv oluna bilər.

Bu revanşist nə sayıqlayır belə?

Professor Qabil Hüseynliyə görə, 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra erməni cəmiyyəti özünə gələ bilməyib. Onun fikrincə, bu isterika özünü ən müxtəlif formalarda reaksiyalar və irəli sürülən absurd ideyalarla göstərir: "Adətən müharibənin vurduğu psixoloji zərbələrin təsiri onillərlə davam edə bilir. Bu, günahkar axtarmaq və daim ittiham etməyə qarşı tərəf tapmaq böhranı yaradır. Ermənilər beş ildən çoxdur ki, özlərini tapa bilmirlər. Ona görə gah növbəti müharibəyə hazırlaşmaqdan dəm vururlar, gah tarixi qurdalayıb istinad etməyə nəsə axtarırlar. Nəticədə belə sərsəm fikirlər meydana çıxır. Bu, cəmiyyətin məğlubiyyətdən sonra yaşadığı sindromdur".

Q.Hüseynli Qars müqaviləsi ilə bağlı irəli sürülən absurd fikri seçkiqabağı növbəti axmaq ideya kimi dəyərləndirir: "Erməni siyasətçiləri bilmirlər ki, seçiciyə xitab üçün daha nə etsinlər. Nəticədə özlərini gülünc vəziyyətə salır və rüsvay olurlar. Əslində, Qars müqaviləsi imzalananda o zaman da erməni hay-küy salmışdılar, narazılıq bildirmişdilər. O dövrün mətbuatında, xüsusən erməni qəzetlərində Qars müqaviləsi elə təqdim olunurdu ki, guya orada onların mənafeyinə uyğun bənd yoxdur. Ancaq onun ləğvi real deyil və tarix də göstərilməyib. Hətta 2-ci dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi. Hətta 2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri gündəmə gəlmişdi. Ancaq onu da deməliyəm ki, 2025-ci ildə Naxçıvan konstitusiyasına edilən dəyişiklik nəticəsində, Azərbaycan Qars müqaviləsinə Naxçıvan muxtariyyətinin əsası kimi istinadı ləğv edib. Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin konstitusiya əsaslarında həm 1921-ci ildə imzalanmış Moskva müqaviləsinə, həm də 1921-ci ilin oktyabr ayında imzalanmış Qars müqaviləsinə istinad edilirdi ki, bu da o dövrün gerçəklikləri ilə əlaqədar olmuşdu. Hazırda isə yeni reallıqlar başqadır. Ermənilər isə boşboğazlıq edirlər və bu mövzunu gündəmə gətirmək populizmdir".

Musavat.com


Geri qayıt