Əsas Səhifə > Ana xəbər / Güney Press > "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok

"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok


Bu gün, 06:06

Maliyyə sektorunda bəzən rəqəmlərin "səsi" ən səs-küylü bəyanatlardan daha uca gəlir.

"Rabitəbank" ASC-nin 2026-cı ilin birinci rübü üçün açıqladığı rəsmi göstəricilər də "qışqırır" desək, yanılmarıq. Kağız üzərində görünən milyonlarla manatlıq mənfəət pərdəsinin arxasından əslində geri dönməyən kreditlərin, itirilmiş müştəri etimadının və tükənən likvidliyin ağır mənzərəsi boylanır.

AFN.az xəbər verir ki, bankın kredit siyasəti artıq ehtiyatlı idarəetmə çərçivəsindən çıxaraq, faktiki olaraq nəzarətsiz bir uçuruma sürüklənir. Hesabatda ən təhlükəli hesab edilən məqamı "təhlükəli kreditlər" məsələsidir. Cəmi bir il əvvəl idarəolunan səviyyədə – 2.4 milyon manat olan bu göstərici, bu gün 13.1 milyon manatı keçib!

Bu, bankın maliyyə dayanıqlığını içəridən gəmirən böyük bir fəlakətdir. Paylanılan vəsaitlərin geri qayıtma ehtimalının sıfıra yaxınlaşması, "Rabitəbank"ın kredit portfelini hər an partlaya biləcek bir "saatlı bomba"ya çevirib.

Biznes niyə pullarını geri çəkir?

Bankçılığın təməl sütunu etimaddır, lakin rəqəmlər bu etimadın sarsıldığını deyir. Cəmi üç ay ərzində depozit portfelinin 42 milyon manat (təxminən 5%) azalması kütləvi narahatlığın göstəricisidir. Xüsusilə peşəkar bazar iştirakçıları – hüquqi şəxslər cəmi bir rübdə 33 milyon manatdan çox vəsaiti bankdan çıxarıblar.

Peşəkar biznesin "təhlükəsiz liman" axtarışı və "Rabitəbank"ı tərk etməsi, bankın gələcək likvidlik imkanlarını sual altına qoyur. İnsanlar və şirkətlər artıq riskli sularla vidalaşır.

Bankın hərəkət qabiliyyəti (likvidliyi) ciddi zərbə altındadır. Nağd pul vəsaitlərinin 11%-dən çox azalması və digər banklardakı depozitlərin faktiki olaraq yarıbayarı (131 milyondan 62 milyona) düşməsi, daxili ehtiyatların sürətlə əriməsinin sübutudur. "Rabitəbank" bu gün öz aktivlərini nağdlaşdırmaqda çətinlik çəkir, bu isə maliyyə qurumu üçün ən kritik "nəfəs darlığı" deməkdir.

"Yeyinti" modeli: Qazandığından 5 dəfə artıq xərc

İdarəetmənin zəifliyi həm də xərclərin cilovlana bilməməsində özünü büruzə verir. Faiz xərclərinin 56% artması onu göstərir ki, bank bazardan pul tapmaq üçün ən ağır şərtlərə və "sələmçi" qiymətlərinə razı olub.

Daha acınacaqlı mənzərə isə budur: 5 milyon manatlıq "kağız üzərində" mənfəət müqabilində, 25 milyon manata yaxın qeyri-faiz xərci (maaşlar, inzibati xərclər) mövcuddur. Bank qazandığından 5 dəfə çoxunu sadəcə öz aparatını saxlamağa xərcləyir. Bu, sağlam biznes deyil, resursların amansızcasına tükədilməsidir.

Cəmi kredit portfelindəki qeyri-standart kreditlərin həcmi artıq bankın səhmdar kapitalının üçdə birini "yeyib". Bu rəqəmlər fonunda bir reallıq qaçılmazdır: "Rabitəbank"ın daxili immuniteti çöküb. Təhlükəli kreditlərdəki 5 qat artım və depozitlərdəki kütləvi qaçış fonunda, hər hansı kiçik xarici maliyyə şoku bu qurumu tamamilə iflic edə bilər.


Geri qayıt