Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan bank sektorunun uğurları və riskləri

Azərbaycan bank sektorunun uğurları və riskləri


Bu gün, 06:41

Ölkəmizdə makroiqtisadi sabitliyin bank sektoruna müsbət təsiri aydın şəkildə müşahidə olunur. Belə ki, beynəlxalq reytinq agentlikləri öz araşdırmalarında Azərbaycan bank sektorunun perspektivini yüksək qiymətləndirir. Bunun arxasında duran əsas faktorlar aşağıdakılardır:

Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları ölkə iqtisadiyyatının əsas təhlükəsizlik yastığıdır. Bu ehtiyatlar bank sistemində likvidlik riskini aşağı salır. Aşağı dövlət borcu amili də bu riskin aşağı olmasının səbəblərindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının dövlət borcu ÜDM-in təxminən 20%-i ətrafındadır, bu halda mənzərə daha aydın görünür. Borcun ÜDM-də payı region ölkələri ilə müqayisədə xeyli aşağıdır və ölkəmizin maliyyə sisteminin sabitliyinə müsbət təsir göstərir.

2015-ci il devalvasiyasından sonra Mərkəzi Bank daha konservativ valyuta siyasəti yürüdür və bu, makroiqtisadi sabitliyin qorunmasına, nəticə etibarilə isə bank sektorunda risklərin ciddi şəkildə azalmasına səbəb olur.

Bank sektorunun maliyyə sağlamlığını müəyyən edən əsas göstəricilərdən biri kapital adekvatlığıdır. Hazırda bu göstərici təxminən 20% civarındadır. Basel standartlarında minimum tələb 8–10% olduğu halda, ölkəmizin bank sektorunda bu göstəricinin iki dəfə artıq olması maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Bu amil bankların potensial iqtisadi şoklara qarşı kifayət qədər qorunduğunu nümayiş etdirir.

Banklarda problemli kreditlərin (NPL) səviyyəsi 2–3% civarında göstərilir. Bu göstərici post-devalvasiya dövründə aparılan təmizləmə siyasətinin nəticəsidir. Problemli kreditlərin sağlamlaşdırılması və kredit portfelinin böyüməsinə baxmayaraq problemli kreditlərin artım dinamikasının azalması bu siyasətin əsas mahiyyətini təşkil edir. Aşağıdakı cədvəldə region ölkələrində problemli kreditlərin faiz göstəricilərini müqayisə edək:

Ölkə

NPL

Azərbaycan Respublikası ~2–3%

Gürcüstan ~3–4%

Qazaxıstan ~6–7%

Rusiya Federasiyası ~7–9%

Göründüyü kimi, ölkəmiz problemli kreditlərin payının aşağı olmasına görə digər ölkələri qabaqlayır və bu hal bank sektorunda son illər aparılan tənzimləmə siyasətinin və müasir standartlara uyğun idarəetmənin müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Məhz bu tədbirlər nəticəsində problemli bankların bağlanması və kreditlərin restrukturizasiyası sektorun sağlamlaşdırılmasına töhfə verib.

Kredit bazarının artım perspektivinə gəldikdə isə, S&P proqnozuna görə 2026–2027-ci illərdə kredit portfelinin 10–12% artacağı gözlənilir. İstehlak kreditlərinin genişlənməsi, əhalinin gəlirləri artdıqca bank kreditlərinə tələbatın yüksəlməsi, ipoteka proqramları və dövlət ipoteka mexanizmlərinin bazarı stimullaşdırması, həmçinin kiçik və orta biznes kreditlərinin genişlənməsi proqnozlaşdırılan artımın əsas səbəbləridir.

İndi isə inkişaf perspektivinin risklərinə diqqət yetirək: Məlumdur ki, Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərindən ibarətdir. Bu isə iqtisadi yavaşlama zamanı ciddi risk yarada bilər. Digər tərəfdən, aktivlərin böyük hissəsinin bir neçə bankda cəmləşməsi də bazarda rəqabəti zəiflədən və inkişafın sürətini məhdudlaşdıran amillərdəndir.

Kreditlərin struktur problemi də mövcuddur. Belə ki, kredit portfelinin böyük hissəsi istehlak, ticarət və xidmət sektorlarına yönəlib. İnkişaf üçün zəruri olan sənaye və istehsal sahələrinə ayrılan kreditlərin payı isə nisbətən azdır. Regionlarda maliyyə əlçatanlığı mövcud olsa da, Bakı və Abşeron yarımadası digər regionları xeyli üstələyir. Bu amil regionlarla paytaxt və paytaxta yaxın ərazilər arasında iqtisadi inkişaf fərqində də özünü göstərir.

Azərbaycan bank sektoruna təsir edə biləcək xarici faktorlar da mövcuddur. Qonşu dövlətlərin iqtisadi vəziyyəti, pul köçürmələri, ticarət əlaqələri, enerji qiymətlərində baş verən dəyişikliklər və regional münaqişələr bu qəbildəndir.

Aparılan təhlili ümumiləşdirsək, ölkəmizin bank sektorunun kapital baxımından güclü, problemli kreditlər payının aşağı, likvidliyin isə yüksək olduğunu deyə bilərik. Bununla yanaşı, bəzi çatışmazlıqlar da mövcuddur. Kredit strukturunun tam balanslı olmaması, bazar konsentrasiyasının yüksəkliyi və real sektora ayrılan kreditlərin kifayət qədər olmaması bu istiqamətdə görüləcək işlərin çox olduğunu göstərir.

Beləliklə, Azərbaycan bank sektoru hazırda stabil və dayanıqlı mərhələdədir. Lakin uzunmüddətli dayanıqlığın təmin edilməsi üçün real sektor kreditlərinin artırılması, regionlarda maliyyə əlçatanlığının genişləndirilməsi və bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində həlledici addımların atılması vacibdir.

Vüqar ORUC,
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri.


Geri qayıt